Azərbaycan CNN-i ABŞ-də Məhkəməyə Verdi: Səbəb İranla Bağlı İddialardır

4 Dəq Oxuma Müddəti

Azərbaycan CNN-ə qarşı məhkəmə iddiası qaldırdı

Azərbaycan CNN-ə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində iddia qaldırıb. Məhkəmə müraciətinə səbəb media qurumunun 5 iyun 2026-cı ildə dərc etdiyi materialda Azərbaycanla bağlı yer alan və rəsmi Bakı tərəfindən əsassız, təxribat xarakterli hesab edilən iddialardır.

Məlumata əsasən, iddia ərizəsi 17 avqust 2026-cı ildə rəsmən məhkəməyə təqdim olunub. Delaver ştatının seçilməsi CNN-in hüquqi baxımdan həmin ştatda təsis edilməsi ilə əlaqələndirilir.

Mübahisənin mərkəzində İsrail və İranla bağlı iddialar dayanır

Sözügedən materialda Azərbaycanın ərazisinin İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edildiyi iddia olunub.

Məqalədə İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın ərazilərdə fəaliyyət göstərdiyi, buradan kəşfiyyat və pilotsuz uçuş aparatları ilə bağlı əməliyyatların həyata keçirildiyi irəli sürülüb.

Bundan başqa, İsrailin Azərbaycan ərazisində əvvəlcədən dinləmə qurğuları və digər kəşfiyyat vasitələri yerləşdirdiyi, bunun İrana qarşı gələcək əməliyyatlara hazırlıq məqsədi daşıdığı iddia edilib.

Azərbaycan tərəfi isə bu məlumatların həqiqəti əks etdirmədiyini bildirir.

Bakı: CNN mövqeyimizi əvvəlcədən bilirdi

Məsələnin diqqətçəkən məqamlarından biri CNN-in material yayımlanmamışdan əvvəl Azərbaycanın rəsmi mövqeyi barədə məlumatlandırılmasıdır.

CNN-in sorğusuna cavab olaraq Azərbaycan tərəfi sözügedən iddiaları rəsmən təkzib edib. Bakı bildirib ki, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilməyib.

Azərbaycan tərəfinin mövqeyinə görə, buna baxmayaraq, dərc olunan materialda Bakının cavabı adekvat şəkildə təqdim edilməyib, əsas ittihamlar isə anonim mənbələrə əsaslandırılıb.

Azərbaycan CNN-dən təkzib tələb edib

Mübahisəli materialın yayımlanmasından sonra Azərbaycan tərəfi CNN-dən iddiaların təkzib edilməsini və məqaləyə müvafiq düzəlişlərin edilməsini rəsmən tələb edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi də məsələ ilə bağlı açıqlama verərək ölkənin mövqeyini ictimaiyyətə çatdırıb.

Bundan sonra Bakı məsələni bir neçə dəfə yenidən CNN-in diqqətinə çatdırıb. İyunun 6-da və 23-də, eləcə də iyulun 2-də media qurumuna rəsmi məktublar göndərilib. Həmin müraciətlərdə mübahisəli iddiaların təkzib olunması və materialda düzəliş aparılması tələb edilib.

Məlumata görə, CNN məsələnin araşdırılacağını bildirsə də, Azərbaycan tərəfinin tələb etdiyi təkzib və düzəlişlər həyata keçirilməyib.

Mübahisə məhkəməyə daşındı

Bundan sonra Azərbaycan hüquqi müstəvidə addım atmaq qərarına gəlib. CNN-ə qarşı iddia ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsinə təqdim edilib.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ölkə ərazisinin qonşu və ya üçüncü dövlətlərə qarşı hərbi fəaliyyət üçün istifadə olunmasına imkan verilmir. Bakının mövqeyinə görə, bu prinsip açıq şəkildə ifadə edildiyi halda, əks məzmunlu iddiaların yayımlanması ölkənin maraqlarına və nüfuzuna zərər vurur.

Məqalənin müəlliflərindən biri də diqqət mərkəzindədir

Mübahisəli materialın müəlliflərindən biri Tim Listerdir. Məlumatda onun əvvəlki illərdə Azərbaycanla bağlı hazırladığı materiallarda da birtərəfli yanaşmanın müşahidə olunduğu bildirilir.

Xüsusilə 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri zamanı onun müəllifliyi ilə yayımlanan bəzi materialların Azərbaycana münasibətdə qərəzli olduğu iddia edilir.

CNN-ə qarşı qaldırılan yeni məhkəmə işi isə artıq məsələni media mübahisəsi müstəvisindən hüquqi müstəviyə keçirib. Bundan sonra əsas diqqət ABŞ federal məhkəməsinin iddianı necə qiymətləndirəcəyinə və CNN-in məhkəmə prosesində hansı mövqeni tutacağına yönələcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş