Avqust isti hava ilə başlayacaq
Milli Hidrometeorologiya Xidməti avqust ayı üzrə aylıq hava proqnozunu açıqlayıb.
Məlumata görə, ölkə ərazisində havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi bölgələrdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Yağıntının miqdarının da əksər ərazilərdə iqlim normasına yaxın olacağı ehtimal edilir.
Ayın ilk günlərində ölkənin böyük hissəsində yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Bununla yanaşı, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Bəzi rayonlarda 41 dərəcə isti gözlənilir
Proqnoza əsasən, Naxçıvan Muxtar Respublikası, eləcə də Qazax-Gəncə, Qarabağ və Mərkəzi Aran bölgələrinin bəzi rayonlarında ayın birinci və ikinci ongünlüyünün ayrı-ayrı günlərində havanın temperaturu 41 dərəcəyədək yüksələcək.
Yevlax, Mingəçevir, Ağdaş, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında da günorta saatlarında temperaturun 33–38 dərəcə, bəzi günlərdə isə 41 dərəcəyə yaxın olacağı bildirilir.
Bakıda 40 dərəcəyə yaxın istilər olacaq
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26–28 dərəcə təşkil edəcəyi gözlənilir. Gecə saatlarında temperatur 22–27 dərəcə, gündüz isə 30–35 dərəcə olacaq.
Ayın birinci və ikinci ongünlüyünün bəzi günlərində paytaxtda havanın 40 dərəcəyə yaxın istiləşəcəyi proqnozlaşdırılır.
Dağlıq rayonlarda hava nisbətən mülayim olacaq
Qarabağ və Şərqi Zəngəzurun dağlıq rayonları, eləcə də Balakən-Şəki, Quba-Qusar və digər dağlıq ərazilərdə havanın daha mülayim keçəcəyi gözlənilir.
Bu ərazilərdə gündüz temperaturunun əsasən 22–35 dərəcə, isti günlərdə isə 37–39 dərəcə arasında dəyişəcəyi, bəzi yerlərdə qısamüddətli yağışların yağacağı ehtimal olunur.
Milli Hidrometeorologiya Xidməti bildirib ki, avqust ayında ölkə üzrə yağıntının əsasən iqlim normasına uyğun olacağı gözlənilir.

