ABŞ Ordusundan Təhlükəli Partlayış: İki Ştat Təşvişdə

3 Dəq Oxuma Müddəti

ABŞ ordusu etirazlara baxmayaraq partlayış həyata keçirdi

ABŞ-nin Ayova ştatının Midltaun qəsəbəsində yerləşən hərbi sursat müəssisəsində noyabrın 25-də nəzarətli partlayış həyata keçirilib.

Yerli sakinlərin, ekoloji təşkilatların və siyasətçilərin etirazlarına baxmayaraq, müəssisədə uzun illər saxlanılan və təhlükəli vəziyyətə düşən təxminən 5 ton qurğuşun azid məhv edilib.

Ekoloji təşkilatların əməliyyatın qarşısını almaq məqsədilə məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmə bazar ertəsi partlayışın həyata keçirilməsinə icazə verib.

Partlayışdan sonra yaranan tüstü buludunun tərkibində nə qədər zəhərli qurğuşun hissəciyinin olduğunu müəyyənləşdirmək üçün saatlar, hətta günlər tələb oluna biləcəyi bildirilib.

Zəhərli hissəciklər iki ştata yayıla bilər

ABŞ-nin “Nyu-York Tayms” qəzetinin məlumatına görə, partlayış nəticəsində havaya qarışa biləcək zəhərli hissəciklərin Ayova ştatından Missuri ştatına qədər təxminən 160 kilometrlik ərazi boyunca yayılmasından narahatlıq keçirilir.

Partlayışdan əvvəl çoxsaylı yerli sakinlər təhlükəsizlik məqsədilə evlərini tərk ediblər.

Bölgədə qalmağa üstünlük verən ailələr isə qapı və pəncərələrini bağlayaraq zəhərli hissəciklərin yaşayış sahələrinə daxil olmasının qarşısını almağa çalışıblar.

ABŞ-nin hərbi rəsmiləri zəhərli maddələrin ətraf mühitə yayılmasının qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıblar.

Lakin ordunun risk qiymətləndirmələrində ən ağır ehtimalın kifayət qədər nəzərə alınmadığına dair narahatlıqlar mövcuddur.

Uşaqlar və hamilə qadınlar ciddi risk qarşısındadır

Qurğuşunun insan sağlamlığına mənfi təsiri, xüsusilə uşaqlar və hamilə qadınlar üçün yaratdığı təhlükələr hadisə ilə bağlı narahatlıqları daha da artırıb.

Qurğuşunun təsirinə məruz qalmanın təhlükəsiz hesab edilən səviyyəsi yoxdur.

Zəhərli hissəciklərin yaşayış məntəqələrinə, məktəblərə və əkin sahələrinə yayılması ehtimalı ətraf mühitin və ictimai sağlamlığın qorunması məsələsini gündəmə gətirib.

Bununla belə, partlayış nəticəsində faktiki çirklənmənin miqyası hələ müəyyənləşdirilməyib.

Pentaqonun 20 illik səhlənkarlığı araşdırıla bilər

Hərbi sursat istehsalında istifadə edilən kimyəvi maddənin 20 ildən artıq müddətdə müəssisədə saxlanıldığı və ciddi şəkildə yararsız vəziyyətə düşdüyü müəyyən edilib.

Hərbi rəsmilər maddənin daşınmasının təhlükəli olduğunu əsas gətirərək onun nəzarətli partlayış vasitəsilə məhv edilməsinə qərar veriblər.

Lakin təhlükəli kimyəvi maddənin uzun illər ərzində nə üçün yararsız vəziyyətə düşməsinə imkan verilməsi ABŞ ordusunun təhlükəsizlik və nəzarət mexanizmləri ilə bağlı ciddi suallar yaradıb.

Daha təhlükəsiz zərərsizləşdirmə üsullarının vaxtında nəzərdən keçirilib-keçirilmədiyi də mübahisə mövzusuna çevrilib.

ABŞ ordusunun qərarı sərt tənqid olunur

Ayova ştatının paytaxtı De-Moyn şəhərində ştat parlamentinin binası qarşısında toplaşan etirazçılar əməliyyatın dayandırılmasını tələb ediblər.

Nümayişçilər ABŞ ordusunu ekoloji risklərlə bağlı daha şəffaf davranmağa çağırıblar.

Oreqon ştatından demokrat senator Ceff Merkli partlayış qərarını sərt şəkildə tənqid edib:

“Bu, minlərlə insanı təhlükə qarşısında qoyan, tələsik hazırlanmış və pis idarə olunan plandır!”

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü Çelli Pinqri isə partlayıcı maddələrin hansı səbəbdən bu qədər təhlükəli vəziyyətə düşdüyünün araşdırılmasını tələb edib.

Konqres üzvü ordunun daha təhlükəsiz zərərsizləşdirmə üsullarını nəzərdən qaçırıb-qaçırmadığının da müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

ABŞ ordusunun məsuliyyəti gündəmdədir

Təhlükəli kimyəvi maddələrin uzun müddət saxlanılması və onların məhv edilməsi zamanı əhalinin sağlamlığı üçün mümkün risklərin yaranması ABŞ ordusunun ekoloji məsuliyyəti ilə bağlı müzakirələri gücləndirib.

Hadisənin real ekoloji nəticələri, havaya yayılan qurğuşunun miqdarı və əhalinin zəhərli maddələrin təsirinə məruz qalıb-qalmadığı barədə yekun məlumat hələ açıqlanmayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş