ABŞ-nin kəşfiyyat sistemlərində təhlükəsizlik pozuntusu
ABŞ-nin “Nyu-York Tayms” qəzetinin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Kəşfiyyat Direktorluğunun açıq və məxfilik dərəcəsi olmayan mənbələr əsasında kəşfiyyat təhlillərinin aparılmasına imkan verən sistemlərində kibertəhlükəsizlik pozuntusu aşkarlanıb.
- ABŞ-nin kəşfiyyat sistemlərində təhlükəsizlik pozuntusu
- Pentaqonda 3 milyondan çox şəxsin məlumatları təhlükə altında qalıb
- Federal Təhqiqat Bürosunun əməkdaşlarının məlumatları hədəfə alınıb
- Belçika və Yunanıstanın kəşfiyyat sistemləri də hədəfdədir
- Yunanıstanın NATO nümayəndəliyinə qarşı kibercasusluq cəhdi
- Fransa Rusiya kəşfiyyatını kibercasusluqda ittiham edir
- Qlobal kibertəhlükəsizlik böhranı dərinləşir
Kiberhücum nəticəsində hansı məlumatların ələ keçirildiyi hələlik müəyyənləşdirilməyib. Digər federal dövlət qurumlarına aid bəzi məlumatların da təhlükə altında qala biləcəyi ehtimal olunur.
Hadisə ABŞ-nin kəşfiyyat və müdafiə sistemlərində informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı ciddi suallar yaradıb.
Son dövrlərdə müxtəlif ölkələrin dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücumlar strateji əhəmiyyətli məlumatların qorunması məsələsini daha da aktuallaşdırıb.
Pentaqonda 3 milyondan çox şəxsin məlumatları təhlükə altında qalıb
ABŞ Federal Təhqiqat Bürosunun telefon rabitəsinə dair izləmə məlumatlarının saxlanıldığı sistemdə şübhəli fəaliyyət aşkarlanmasından sonra araşdırmaya başlanılıb.
ABŞ mətbuatının məlumatına görə, 2026-cı il fevralın 17-də qurumun kompüter şəbəkəsində qeyri-adi fəaliyyət müəyyən edilib.
Həmin sistemdə məhkəmə qərarları əsasında aparılan istintaq materialları, telefon danışıqlarının izlənilməsinə dair məlumatlar və araşdırılan şəxslərin kimlik məlumatları saxlanılıb.
ABŞ Müdafiə Nazirliyinin şəxsi heyətə dair məlumat bazasında da ciddi təhlükəsizlik pozuntusu qeydə alınıb.
2025-ci ilin oktyabrından 2026-cı il iyulun 16-dək davam etdiyi bildirilən icazəsiz giriş nəticəsində 2,76 milyon sağ olan və 294 min vəfat etmiş şəxsin fərdi məlumatları təhlükə altında qalıb.
Bu məlumatlar arasında adlar, doğum tarixləri, əlaqə vasitələri və sosial təminat nömrələri yer alıb.
Pentaqon təhlükəsizlik boşluğunun aradan qaldırıldığını və hadisədən təsirlənən şəxslərin məlumatlandırıldığını açıqlayıb.
Federal Təhqiqat Bürosunun əməkdaşlarının məlumatları hədəfə alınıb
“Şayni Hanters” adlı kibercinayətkar qruplaşma Federal Təhqiqat Bürosunun işə qəbul sisteminə müdaxilə etdiyini açıqlayıb.
Qruplaşma qurumun hazırkı və keçmiş əməkdaşlarının, eləcə də işə qəbul üçün müraciət etmiş on minlərlə şəxsin həssas məlumatlarını ələ keçirdiyini iddia edib.
Həmin məlumatlar arasında yaşayış ünvanları, telefon nömrələri, sosial təminat nömrələri və vəzifə məlumatlarının olduğu bildirilir.
Kibercinayətkarlar əməkdaşların tibbi sənədlərini, psixiatrik müayinə nəticələrini və təhlükəsizlik yoxlamalarına dair materialları da əldə etdiklərini iddia ediblər.
Federal Təhqiqat Bürosunun rəhbərliyinin araşdırmanı bütün əməkdaşların məlumatlarının ələ keçirilmiş ola biləcəyi ehtimalı əsasında apardığı bildirilir.
Qruplaşmanın açıqladığı məlumatların tam miqyası isə hələlik təsdiqlənməyib.
Belçika və Yunanıstanın kəşfiyyat sistemləri də hədəfdədir
Avropa İttifaqının kibertəhlükəsizlik üzrə insidentlərə cavab qurumunun iyun ayında yayımladığı hesabatda Belçikanın mülki kəşfiyyat təşkilatı olan Dövlət Təhlükəsizlik Xidmətinə qarşı kiberhücum barədə məlumat verilib.
2025-ci ilin mayından 2026-cı ilin yaz aylarınadək davam etdiyi bildirilən hücum nəticəsində qurumun əməkdaşlarının adlarına, telefon nömrələrinə və elektron poçt ünvanlarına giriş əldə edilib.
Bununla belə, hücum edən şəxslərin məxfi məlumatların saxlanıldığı daxili sistemlərə daxil olmasına dair sübut aşkarlanmayıb.
Yunanıstanın NATO nümayəndəliyinə qarşı kibercasusluq cəhdi
Hesabatda Çinlə əlaqəli olduğu ehtimal edilən “Mustanq Panda” adlı kibercasusluq qruplaşmasının Yunanıstanın NATO yanında Daimi Nümayəndəliyini hədəfə aldığı da bildirilib.
Nümayəndəliyin əməkdaşlarının elektron poçt vasitəsilə aldadılaraq məlumatlarının ələ keçirilməsinə cəhd göstərildiyi qeyd olunub.
Lakin hücumun uğurlu olub-olmadığı və informasiya sistemlərinə icazəsiz girişin həyata keçirilib-keçirilmədiyi təsdiqlənməyib.
Fransa Rusiya kəşfiyyatını kibercasusluqda ittiham edir
Fransa Xarici İşlər Nazirliyi 2026-cı il iyulun 13-də yaydığı bəyanatda Rusiya Federal Təhlükəsizlik Xidmətini Fransanın strateji əhəmiyyətli dövlət qurumlarına qarşı kibercasusluq fəaliyyətində ittiham edib.
Fransa tərəfinin açıqlamasına görə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin 16-cı Mərkəzinə bağlı bölmə “Turla” adlı kibercasusluq şəbəkəsi vasitəsilə müxtəlif dövlət qurumlarını hədəfə alıb.
Fransanın Silahlı Qüvvələr Nazirliyinin elektron poçt hesablarının 2017-ci ildən, Moskvadakı Fransa səfirliyinin diplomatik informasiya şəbəkəsinin isə 2018-ci ildən hədəfə alındığı bildirilib.
Bundan başqa, 2019-cu ildə məhkəmə sisteminə aid serverə icazəsiz girişin həyata keçirildiyi açıqlanıb.
2025-ci ilin fevralında isə Fransanın müdafiə sənayesi üçün həssas texnologiyalar sahəsində fəaliyyət göstərən tədqiqat institutuna qarşı kiberhücum nəticəsində böyük həcmdə məlumatın ələ keçirildiyi bildirilib.
Fransa hakimiyyəti bu əməliyyatlara görə Rusiyanı məsul hesab edir. Moskvanın ittihamlara münasibəti təqdim olunan məlumatda yer almayıb.
Qlobal kibertəhlükəsizlik böhranı dərinləşir
ABŞ və Avropanın strateji dövlət qurumlarında qeydə alınan təhlükəsizlik pozuntuları kibercasusluğun milli təhlükəsizlik üçün ciddi riskə çevrildiyini göstərir.
Kəşfiyyat əməkdaşlarının fərdi məlumatlarının, diplomatik yazışmaların və müdafiə sənayesinə aid sənədlərin təhlükə altında qalması dövlətlərin informasiya təhlükəsizliyi sistemlərindəki çatışmazlıqları gündəmə gətirir.
Bununla belə, ABŞ-nin kəşfiyyat qurumlarında aşkarlanan son təhlükəsizlik pozuntusunun miqyası və məxfi məlumatların ələ keçirilib-keçirilmədiyi hələlik müəyyənləşdirilməyib.
