ABŞ-ın “Cerald Ford” Aviadaşıyıcısı 326 Gündən Sonra Geri Döndü

2 Dəq Oxuma Müddəti

“Cerald Ford” ABŞ-a qayıtdı

USS Gerald R. Ford adlı ABŞ aviadaşıyıcısı 326 gün davam edən hərbi missiyasını başa vuraraq ölkəyə geri qayıdıb.

ABŞ Müdafiə Nazirliyi bildirib ki, gəmi şənbə günü Norfolk hərbi bazasında qarşılanıb.

Qayıdış mərasimində ABŞ-ın müdafiə naziri Pit Heqset də iştirak edib.

Vyetnam müharibəsindən bəri ən uzun missiya

ABŞ ordusunun məlumatına görə, bu missiya Vyetnam müharibəsindən sonra Amerika aviadaşıyıcı qrupları üçün ən uzunmüddətli hərbi yerləşdirmələrdən biri hesab olunur.

“Cerald Ford” missiya müddətində Karib hövzəsində müxtəlif əməliyyatlarda iştirak edib. ABŞ ordusu həmin bölgədə narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən qayıqlara qarşı əməliyyatlar həyata keçirib.

Bundan əlavə, gəminin sanksiyalara məruz qalan neft tankerələrinin saxlanılması əməliyyatlarında da iştirak etdiyi bildirilir.

İranla bağlı əməliyyatlarda iştirak edib

Məlumata görə, aviadaşıyıcı daha sonra Fars körfəzi istiqamətinə göndərilib və İranla bağlı hərbi əməliyyatlarda iştirak edib.

İran tərəfi ötən aylarda bir neçə dəfə “Cerald Ford” və digər ABŞ aviadaşıyıcılarının hədəfə alındığını açıqlamışdı.

SEPAH xüsusilə mart və aprel aylarında ABŞ və sionist rejim İrana qarşı əməliyyatları zamanı Amerika hərbi donanmasına zərbələr endirildiyini bəyan etmişdi.

Gəmidə yanğın və texniki problemlər yaşanıb

Uzunmüddətli missiya dövründə aviadaşıyıcıda bir sıra texniki problemlərin də baş verdiyi açıqlanıb.

Mart ayında gəminin camaşırxana bölməsində yanğın baş verib. Hadisə nəticəsində iki hərbçi yaralanıb, təxminən 100 yataq yeri zərər görüb.

Bəzi məlumatlarda isə gəmidə kanalizasiya və sanitar sistemlərlə bağlı ciddi problemlərin yaşandığı qeyd olunub.

ABŞ hərbi strategiyasında əsas rol oynayır

“USS Gerald Ford” ABŞ donanmasının ən müasir və ən böyük aviadaşıyıcısı sayılır.

Ekspertlər hesab edir ki, gəminin uzun müddət Qərbi Asiya və Körfəz bölgəsində saxlanılması Vaşinqtonun regiondakı hərbi təsirini qorumaq strategiyasının tərkib hissəsi olub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş