Deportasiya olunanlar faciənin mərkəzində qaldı
ABŞ-dan deportasiya edilən venesuelalı miqrantları daşıyan təyyarə ölkədə baş verən dağıdıcı zəlzələlərdən cəmi bir neçə saat əvvəl Venesuelaya eniş edib. Müvəqqəti yerləşdirildikləri hotel zəlzələlər nəticəsində dağıldığından, deportasiya olunanlardan 100-dən çoxunun taleyi naməlum olaraq qalır.
Məlumata görə, Mayamidən yola düşən reyslə Venesuelaya göndərilən 146 nəfər arasında 19 qadın və 7 uşaq da olub. İnsan hüquqları təşkilatı Human Rights First-ın ICE Flight Monitor məlumatlarına əsasən, onlar ölkəyə çatdıqdan sonra La Quayra şəhərində yerləşən Hotel Santuario La Llanada hotelinə yerləşdiriliblər.
Güclü zəlzələlər hoteli dağıdıb
Qısa müddət sonra baş verən 7,5 və 7,2 bal gücündə ardıcıl zəlzələlər xüsusilə La Quayra bölgəsində böyük dağıntılara səbəb olub. Sağ qalanların sözlərinə görə, hotelin əhəmiyyətli hissəsi çöküb və orada qalan çoxsaylı insanlar dağıntılar altında qalıb.
Venesuela hökumətinin açıqlamasına əsasən, zəlzələlər nəticəsində ölkə üzrə 1700-dən çox insan həyatını itirib. Lakin ABŞ-dan deportasiya edilən qrupdan 100-dən çox şəxsin harada olduğu hələ də məlum deyil.
Ailələr yaxınlarından xəbər ala bilmir
İtkin düşən şəxslərin yaxınları günlərdir dövlət qurumlarından məlumat almağa çalışdıqlarını bildirirlər. Onların sözlərinə görə, ailə üzvləri ilə əlaqə tamamilə kəsilib və indiyədək onların taleyi barədə rəsmi məlumat verilməyib.
Deportasiyalar davam edir
Məlumata görə, Donald Tramp administrasiyasının sərtləşdirdiyi miqrasiya siyasəti çərçivəsində may ayında ABŞ-dan Venesuelaya həftədə üç dəfə olmaqla ümumilikdə 12 deportasiya reysi həyata keçirilib.
ABŞ Ali Məhkəməsi ötən ilin oktyabrında Tramp administrasiyasına humanitar proqram çərçivəsində ölkəyə buraxılmış təxminən 300 min venesuelalının Müvəqqəti Qoruma Statusunu (TPS) ləğv etməyə icazə vermişdi.
Bundan sonra ABŞ hər həftə yüzlərlə Venesuela vətəndaşını ölkəsinə deportasiya etməyə başlayıb. ICE Flight Monitor məlumatına görə, təkcə may ayında ABŞ-dan 1746 venesuelalı deportasiya edilib.

