Sionist Rejim Rekord Büdcəni Təsdiqlədi: Təhlükəsizlik Xərcləri Gərginlik Yaratdı

2 Dəq Oxuma Müddəti

Sionist rejim 2026-cı il üçün rekord büdcəni təsdiqləyib

Sionist rejim 2026-cı il dövlət büdcəsini təsdiqləyərək ölkə tarixində ən böyük maliyyə sənədinə imza atıb. Yeni büdcənin həcmi 662 milyard şekel olaraq müəyyənləşdirilib və sənəd son təsdiq üçün Knessetə göndərilib. Hökumət daxilində uzun sürən mübahisələrə baxmayaraq, büdcə layihəsi cümə günü səhər yekunlaşdırılaraq ictimaiyyətə açıqlanıb.

Büdcənin Knesset tərəfindən təsdiqlənməməsi ölkəni siyasi qeyri-sabitliklə üz-üzə qoya bilər. Yerli analitiklərin qiymətləndirmələrinə görə, parlamentin mart ayına qədər büdcəni qəbul etməməsi özünü buraxması və 2026-cı ilin iyununda erkən seçkilərə gedilməsi ilə nəticələnə bilər. Əks halda seçkilər əvvəlcədən nəzərdə tutulduğu kimi oktyabr ayında keçirilməlidir. Buna baxmayaraq, Baş nazir Benyamin Netanyahu sənədin qəbul olunacağına ümidli olduğunu bildirib.

Təhlükəsizlik büdcəsi gərginlik yaratdı

Sionist mediasının məlumatına görə, hökumət iclaslarında ən kəskin mübahisələr təhlükəsizlik xərcləri üzərində yaşanıb. Maliyyə Nazirliyi ilkin mərhələdə Müdafiə Nazirliyinə 90 milyard şekel ayırmağı təklif etsə də, hərbi qurum 140 milyardlıq tələb irəli sürüb. Uzun danışıqlardan sonra tərəflər kompromisə gedərək 112 milyard şekel həcmində büdcədə razılaşıblar.

Bu razılaşmanın əldə olunması hökumət daxilindəki gərginliyin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir. Lakin ekspertlər bildirirlər ki, təhlükəsizlik xərclərinin ixtisarı İsrail ordusunun müxtəlif sahələrinə təsir göstərə bilər.

Ehtiyat qüvvələrinin sayı da azaldılır

Müdafiə büdcəsindəki azalmaya təsir edən amillərdən biri də ehtiyat hərbçilərinin sayının aşağı salınması ilə bağlı təklif olub. Planlara əsasən, ehtiyatda olan hərbçilərin sayı 60 min əvəzinə təxminən 40 minə endiriləcək. Bu qərar həm maliyyə yükünün azaldılması, həm də ordunun strukturunun yenidən qiymətləndirilməsi ilə əlaqələndirilir.

Hökumətin qəbul etdiyi büdcə İsrailin daxili siyasi mühitində yeni müzakirələr doğurub. Sənədin Knessetdə müzakirəsi və səsverməsi isə qarşıdakı həftələrdə ölkə siyasətinin əsas gündəm mövzularından biri olacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş