Türkiyə Dəniz Sularında Rusiya Tankeri Dron Hücumuna Məruz Qaldı

2 Dəq Oxuma Müddəti

Rusiya tankeri Türkiyə sahilləri yaxınlığında hücuma məruz qaldı

Türkiyənin Dəniz İşləri Baş İdarəsi bu gün açıqlama verərək Rusiyadan Gürcüstana doğru hərəkət edən və günəbaxan yağı daşıyan “Medvolqa-2” adlı Rusiya tankerinin Qara dənizdə hücuma məruz qaldığını bildirdi. Məlumata görə, hadisə Türkiyə sahillərindən təxminən 80 mil məsafədə baş verib və gəmidə olan 13 nəfərlik heyətin heç biri zərər görməyib.

İdarənin “X” sosial platformasında yaydığı açıqlamada qeyd edilib ki, tanker hücum barədə məlumat versə də, heç bir yardım tələb etməyib və hazırda Sinop limanına doğru seyrini davam etdirir. Hücumun detalları açıqlanmasa da, Türkiyənin “NTV” kanalı hadisənin kamikadze tipli pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini bildirib.

Türkiyənin reaksiyası və bölgədə gərginlik

Məsələ ilə bağlı açıqlama verən türk rəsmisi, hadisəyə dair lazımi mesajların o cümlədən Ukrayna hakimiyyətinə çatdırıldığını deyib, lakin əlavə məlumat verməkdən yayınmışdır. Bu hadisə son günlər Qara dənizdə gəmilərə qarşı artan hücumların fonunda baş verir.

Bir neçə gün əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya limanına doğru hərəkət edən iki neft tankerini hədəf aldıqlarını açıqlamış, bunu Moskvanın enerji sektoruna təzyiq yaratmaq cəhdi kimi qiymətləndirmişdilər.

Ərdoğandan xəbərdarlıq: “Qara dənizdə ticarət gəmilərinə hücum qəbuledilməzdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında Qara dənizdə kommersiya gəmilərinə edilən hücumların qəbuledilməz olduğunu vurğulamışdı. O, bölgədə gərginliyin artmasının bütün tərəflər üçün təhlükə yaratdığını bildirərək, əlaqədar ölkələri təxribatları dayandırmağa çağırmışdı.

Hazırkı hücumun son günlər artan risk fonunda baş verməsi Qara dənizdə təhlükəsizliklə bağlı narahatlıqları daha da gücləndirib. Gəminin ekipajının xəsarət almaması isə insidentin daha ciddi nəticələrə səbəb olmasının qarşısını alıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş