WhatsApp Mesajlarında Gizli Məkan Məlumatı İddiası Gündəm Yaratdı

3 Dəq Oxuma Müddəti

WhatsApp mesajlarında məkan məlumatı saxlanıldığı iddiası geniş müzakirə doğurdu

Sosial media və texnologiya məkanında ciddi müzakirələr doğuran yeni iddia WhatsApp-ın gizli şəkildə məkan məlumatı topladığına yönəlib. ABŞ mərkəzli X platformasında araşdırma nəticələrini paylaşan kiber təhlükəsizlik eksperti Elorm Daniel bildirib ki, WhatsApp vasitəsilə göndərilən mesajların metadatasında istifadəçinin məkanıda yer alır və bu məlumat paylaşılmasa belə qeydə alınır.

Daniel iPhone 12 Pro Max cihazı üzərində apardığı məhkəmə-texniki analizdən əldə etdiyi nümunələri ictimaiyyətlə bölüşüb. O qeyd edib ki, WhatsApp vasitəsilə yazışdığı bir mesajın data analizi zamanı qarşı tərəfin dəqiq konumunun göründüyünü aşkar edib.

“Məkan aktivdirsə, məlumat avtomatik yazılır”

Mütəxəssis iddia edir ki, nə özü, nə də mesaj göndərən şəxs belə bir məlumat paylaşmayıb. Lakin cihaz bu məlumatı avtomatik şəkildə metadataya daxil edib:
“WhatsApp-da söhbət edərkən məkanınız açıq vəziyyətdədirsə, digər şəxsin cihazında aparılan məhkəmə-texniki analiz nəticəsində sizin məkanınız həmin cihazdan əldə oluna bilər.”

Daniel-in fikrincə, problem yalnız məkan məlumatı ilə məhdudlaşmır. Onun araşdırması göstərir ki, WhatsApp qrup haqqında — qrupun yaradıcısı, yaradılma vaxtı, kimlərin daxil olub çıxması kimi — bütün detalları istifadəçi qrupdan çıxdıqdan sonra belə metadatada saxlayır.

Media fayllarında GPS koordinatları mövcuddur

Araşdırmanın diqqətçəkən digər hissəsi smartfonun media fayllarına dair iddialardır. Daniel deyir ki, telefonda çəkilən hər bir foto, video, ekran görüntüsü və ya səs yazısı yaradıldığı anın dəqiq məkanını da özündə saxlayır:
“Telefon hər media faylı üçün GPS koordinatlarını avtomatik qeyd edir. Bu o deməkdir ki, araşdırmaçılar foto çəkdiyiniz, video və ya ekran görüntüsü aldığınız an harada olduğunuzu dəqiqliklə müəyyən edə bilərlər.”

Onun sözlərinə görə, bu həcmdə metadata insanın davranışlarını, hərəkət trayektoriyasını və zaman ardıcıllığını son dərəcə dəqiq izləməyə imkan verir. O həmçinin cihazın URL-lər, istifadəçi adları, parollar və quraşdırılan proqramlar barədə məlumatları saxladığını iddia edir.

Daniel bəyan edib ki, oxşar məkan izlənməsi iPhone-un öz mesajlarında da mövcuddur və hər mesajın yazıldığı anda göndəricinin dəqiq mövqeyi qeydə alınır:
“Hər tətbiq iz qoyur. Hər mesaj mətnindən daha çoxunu daşıyır. Bu analiz göstərir ki, jailbreak edilməsə belə, araşdırmaçılar məkan, şifrə, qrup məlumatları və tətbiq fəaliyyətlərinə çata bilir.”

WhatsApp-dan dolaylı cavab: “Lazımi məlumatlar olmadan xidmət göstərmək mümkün deyil”

WhatsApp nümayəndələri iddialara birbaşa cavab verməyib. Şirkət açıqlamasında yalnız topladığı məlumatların xidmət göstərmək üçün zəruri olduğunu vurğulayıb:
“Aldığımız məlumatlar istifadəçinin xidmətlərimizdən necə yararlanmasına bağlıdır. Hesab yaratmaq üçün telefon nömrənizi təqdim etməlisiniz.”

Şirkət bildirib ki, bəzi funksiyalar əlavə məlumatların toplanmasını tələb edir və istifadəçi buna dair lazımi şəkildə məlumatlandırılır. Məkan paylaşımı üçün icazə verilmədiyi təqdirdə, həmin funksiyadan istifadə etmək mümkün deyil.

Lakin WhatsApp sızdırıldığı iddia edilən məkan məlumatlarının icazəsiz toplanması barədə ittihamlara konkret cavab verməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş