Moskva Kuneytrada mövqelərini bərpa edir
Rusiya Suriya cənubunda — Kuneytra və Dəra vilayətlərində bir neçə il əvvəl boşaltdığı mövqelərə geri dönməyə hazırlaşır. İsrailin işğalı altındakı Qolan Təpələrinə bitişik strateji bölgədə hərbi varlığını gücləndirməyi hədəfləyən Moskva, daha əvvəl tərk etdiyi doqquz hərbi nöqtəni yenidən aktivləşdirəcək. Bu mövqelər, Bəşər Əsəd hökumətinin çöküş mərhələsində bölgədən çıxarılan rus qüvvələrinin yenidən qayıdışını təmsil edir.
The Cradle xəbər portalına əsasən, prosesin ilk real addımı 17 noyabr tarixində atılıb. Yüksək rütbəli rus komandanlar və Suriya Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət heyət Kuneytra vilayətində geniş araşdırma turu keçirib, regionun taktiki vəziyyətini qiymətləndirib.
Moskvanın Şama təklifi: Ayırıcı qüvvə kimi dönüş
Suriya hökumətinə yaxın mənbə İsrailin KAN kanalına bildirib ki, Moskva Şama “rus patrullarının yenidən sərhəd xəttinə qayıdaraq Suriya və İsrail qüvvələri arasında ayırıcı qüvvə kimi fəaliyyət göstərməsi” barədə rəsmi təklif təqdim edib. Bu, bölgədə illərdir davam edən qeyri-sabitliyin qarşısını almağa yönəlmiş yeni təhlükəsizlik konsepsiyası kimi dəyərləndirilir.
Qolan sərhədində “boşluq buraxmamaq” strategiyası
Rusiyanın bu addımı onun Suriya cənubunda yeni strateji xətt izlədiyini göstərir. Müdafiə mənbələri bildirir ki, Moskvanın əsas məqsədi bölgədə regional və ya yerli qüvvələrin istifadə edə biləcəyi heç bir təhlükəsizlik boşluğunun yaranmasına imkan verməməkdir.
Heyətin ziyarət etdiyi mövqelərdən biri — Tulul əl-Hamr — xüsusi əhəmiyyət daşıyır. 1973-cü il Yom Kippur müharibəsindən sonra imzalanan Qüvvələrin Ayrılması Razılaşması ilə müəyyən olunan “Bənövşəyi Xətt”ə yaxınlığı və Qolan bölgəsindəki İsrail hərbi fəaliyyətini müşahidə imkanı bu nöqtəni regionun ən kritik mövqelərindən birinə çevirir.
Yeni logistika mərkəzi quruldu
Kuneytrada keçirilən yoxlamaların ardından rus heyətinin bölgədə daimi logistika mərkəzi qurduğu bildirilib. Mərkəz infrastrukturu bərpa etmək, mühəndislik ehtiyaclarını qiymətləndirmək və mövqelərin yenidən fəaliyyətə başlaması üçün texniki tələbləri müəyyənləşdirmək məqsədilə yaradılıb. Planlara əsasən, hərbi nöqtələrin ilin sonuna qədər mərhələli şəkildə işə düşməsi gözlənilir.
Hmeymimdə yüksək hərəkətlilik
Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) 19 noyabrda yüksək rütbəli rus heyətini daşıyan TU-154B-2 təyyarəsinin ciddi təhlükəsizlik tədbirləri altında Hmeymim aviabazasına endiyini açıqlayıb. Heyətə bir SU-35 döyüş təyyarəsi müşayiət edib. Nümayəndə heyəti ertəsi gün daha geniş mühafizə ilə Şam Beynəlxalq Hava Limanına yola salınıb, orada aparılan qapalı görüşdən sonra yenidən Hmeymimə qayıdıb.
SOHR-a görə, təyyarənin geri dönüşü zamanı sahil ərazisi üzərində SU-35 və SU-34 qırıcılarının intensiv uçuşları qeydə alınıb. Bu aktivlik Rusiyanın bölgədəki hərbi koordinasiyanı sürətləndirdiyi kimi qiymətləndirilir.
Strateji məqsəd: Tartus və Hmeymimi qorumaq
Analitiklər bildirirlər ki, Moskvanın Kuneytraya dönüşü sadəcə taktiki addım deyil, strateji məqsədlərə xidmət edir. Rusiya Aralıq dənizi və Afrika bölgələrinə güc proyeksiyasını davam etdirmək üçün Tartus dəniz bazası və Hmeymim aviabazasının təhlükəsizliyini həyati prioritet sayır. Şam və Moskva bu iki baza ilə bağlı uzunmüddətli əməkdaşlıq razılaşmasına malikdir.
Üçlü koordinasiya iddiaları və Türkiyənin mövqeyi
The Cradle-in iddialarına görə, bölgədə rus hərbi varlığının yenidən qurulması çərçivəsində Rusiya–Türkiyə–Suriya üçlü koordinasiya formatı barədə ehtimallar səsləndirilib. Lakin məlumatda türk zabitlərinin Kuneytra səfərində iştirak etmədiyi vurğulanıb.
ABŞ-dan İsrailə xəbərdarlıq
Bundan əvvəl İsrail Baş naziri Benyamin Netanyahunun Vaşinqton səfəri zamanı, Türkiyənin bölgədəki təsirini balanslaşdırmaq məqsədilə İsrailin Suriyada rus hərbi bazalarının qalmasına razılıq verdiyi iddia edilmişdi.
Lakin ABŞ-da yerləşən Demokratiyaları Müdafiə Fondu (FDD) bu addımın doğru olmadığını bildirir. Təşkilat, ABŞ-ın 2017-ci ildə Rusiya və İordaniya ilə bölgədə “xarici qüvvələrin azaldılması və tamamilə çıxarılması”na dair razılaşma imzaladığını xatırladır və əlavə edir:
“Rusiya, Əsədi dəstəkləyən Hizbullah və digər İran yönlü qrupları məhdudlaşdırmaq üçün demək olar ki, heç nə etməyib. Əksinə, Hizbullah regiondakı təsirini artırıb və Qolan Təpələrinə daha da yaxınlaşaraq İsrailin təhlükəsizliyini təhdid edən mövqelər yaradıb.”
FDD bu səbəbdən İsrailin Moskvaya güvənməsinin yanlış olduğunu, Türkiyənin də bölgədə hərbi təhdid olaraq qaldığını vurğulayır və Vaşinqtonu danışıqların yalnız Təl Əviv ilə Dəməşq arasında aparılmasına yönləndirməyə çağırır.
