ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları satmağa hazırlaşır
ABŞ Prezidenti Donald Tramp bu gün verdiyi açıqlamada Vaşinqtonun Səudiyyə Ərəbistanına ABŞ istehsalı olan F-35 tipli modern qırıcı təyyarələr satacağını bildirib. Ova Almanında jurnalistlərin mövzu ilə bağlı sualına cavab olaraq Tramp qısa şəkildə “Bəli, bunu edəcəyik” deyib.
Bu bəyanat Trampın sabah Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla keçirəcəyi görüş ərəfəsinə təsadüf edir. Görüşdə iki ölkə arasında uzunmüddətli təhlükəsizlik razılaşması, o cümlədən ABŞ-ın Səudiyyəyə təhlükəsizlik təminatı müqabilində krallığın enerji bazarında ABŞ-a üstün şərtlər təqdim etməsi məsələsinin müzakirə ediləcəyi gözlənilir.
Tramp daha əvvəl də Səudiyyənin F-35 qırıcıları almaq üçün rəsmi müraciət etdiyini, Riyadın “çoxsaylı” döyüş təyyarələri almağa maraq göstərdiyini demişdi. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı yalnız F-35-lə kifayətlənmək niyyətində deyil və əlavə qırıcılar da almaq istəyir.
Tramp: “Maduro ilə danışa bilərəm”
Mətbuatla söhbətində Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə birbaşa danışıb-danışmayacağı barədə suala da cavab verib. O, “Bəli, böyük ehtimalla danışacağam. Mən hər kəslə danışmışam” deyərək, görüş ehtimalının mövcud olduğunu qeyd edib.
ABŞ lideri eyni zamanda Meksikaya qarşı hərbi əməliyyatlar və ya ABŞ qüvvələrinin oradakı narkotik kartellərinə qarşı yerləşdirilməsi barədə suallara da toxunub. Tramp “Mən buna qarşı deyiləm. Narkotikləri dayandırmaq üçün nə lazımdırsa, edəcəyik” deyib.
ABŞ-Meksika xəttində gərginlik və iddialar
Son günlər ABŞ mediasında Tramp administrasiyasının Meksikaya qoşun və xüsusi xidmət qrupları göndərməyi planlaşdırdığına dair xəbərlər yayılıb. Lakin Meksika Prezidenti Klaudia Şeinbaum bu məlumatları təkzib edərək bildirib ki, Vaşinqtonla dialoq “qarşılıqlı hörmət və suverenlik prinsipləri əsasında” davam edir.
Sentyabr ayının əvvəlindən bəri ABŞ hərbi qüvvələrinin Şimali və Cənubi Amerikadakı bəzi dəniz əməliyyatları “narkotik qaçaqmalçılığı ilə mübarizə” adı altında həyata keçirilib. Bu hücumlar nəticəsində onlarla insan həlak olub. Tramp administrasiyası ölən şəxsləri “narkotik qaçaqçıları” adlandırsa da, bu iddianı təsdiqləyən sübutlar təqdim edilməyib. Beynəlxalq hüquq ekspertləri bu əməliyyatların qanunsuz olduğunu vurğulayırlar.
