İran raket proqramını açıq şəkildə genişləndirir
ABŞ-ın “The National Interest” jurnalı yazır ki, Tehran öz raket arsenalını inkişaf etdirmək istiqamətində səylərini gizlətmir və 12 günlük müharibədən sonra ballistik raket proqramını daha da gücləndirməyə fokuslanıb.
Noyabr ayında İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin raket arsenalı “12 günlük müharibə dövrü ilə müqayisədə qat-qat güclüdür” və vurğulayıb ki, İsrail “son qarşıdurmada hədəflərini həyata keçirə bilmədi və məğlub oldu”.
İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə də son aylarda İran raketlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından əhəmiyyətli şəkildə yaxşılaşdığını, yerli müdafiə sənayesinin sürətlə irəlilədiyini bildirib.
Avropa kəşfiyyatı: İran ballistik raket proqramını sürətləndirib
Jurnal oktyabr ayında Avropa kəşfiyyat mənbələrinə istinadən yazır ki, Tehran 12 günlük müharibədən sonra ballistik raket proqramını daha da gücləndirib. Beynəlxalq sanksiyalara baxmayaraq, ölkənin bu sahədə fəaliyyətini genişləndirdiyi vurğulanır.
Məlumatlara görə, Çindən Bəndər-Abbas limanına natrium perxlorat adlı maddənin yeni göndərişləri çatdırılıb. Bu maddə İranın qatı yanacaqla işləyən ballistik raketlərinin istehsalı üçün əsas komponent sayılır. Bu isə Tehranın raket arsenalını artırmaqda israrlı olduğunu göstərir və İsrail üçün birbaşa strateji çağırış kimi qiymətləndirilir.
İranın raket təcrübəsi: seçilmiş hədəflər və yeni taktika
Mütəxəssis Behnam bin Taliblu müsahibəsində qeyd edib ki, İran 12 günlük müharibədə əldə etdiyi təcrübədən istifadə edərək raket buraxılışlarının ardıcıllığını və hədəf seçimlərini optimallaşdırmağa çalışır. Məqsəd maksimal təsir əldə etməkdir.
Müharibə dövründə İran Şahab-3 orta mənzilli ballistik raketi, qatı yanacaqla işləyən qısa mənzilli Fateh-110, eləcə də uzun mənzilli Zülfəqar raketlərini istifadəyə çıxarmışdı.
İran açıq şəkildə güc nümayiş etdirir
Tehran hərbi gücünü nümayiş etdirməkdən çəkinmir. 2025-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu müxtəlif bölgələrdə yerləşən yeraltı raket bazalarını əks etdirən genişmiqyaslı təbliğat videoları yayımlamışdı.
“The National Interest” daha əvvəl də İranın ballistik imkanlarını, arsenalın texniki xüsusiyyətlərini və İsraillə gərginlik çərçivəsində onların potensial təsirini təhlil edən geniş hesabat dərc etmişdi.
