Atəşkəsin pozulması və fəlakətli nəticələr
Qəzzada bir aydır qüvvədə olan həssas atəşkəsə baxmayaraq, HƏMAS İsrailin müqaviləni sistematik şəkildə pozduğunu açıqlayıb. Hərəkatın bəyanatında qeyd olunub ki, 10 oktyabrdan bu yana İsrail ordusu atəşkəsi hər gün müxtəlif bəhanələrlə pozur və nəticədə 271 fələstinli həyatını itirib, onlardan 107-si uşaq, 39-u qadın, 9-u isə yaşlıdır.
Bəyanatda əlavə edilib ki, həmin dövrdə 622 fələstinli yaralanıb, onların 99 faizindən çoxu mülki şəxslərdir. HƏMAS, İsrailin hücumlarını “intiqam xarakterli və sistematik” adlandırıb.
İsrailin əsir siyasəti və Sarı Xətt pozuntuları
HƏMAS İsrailin Qəzzənin şimalında yerləşən Sarı Xətt boyunca atəşkəs planına əməl etmədiyini də bildirib. Təşkilatın məlumatına görə, İsrail bu bölgədə 33 kvadratkilometrlik ərazidə nəzarəti saxlamaqla razılaşmanı pozub, 200–800 metr dərinliyə qədər beton baryerlər quraşdırıb və 35 fələstinlini, o cümlədən balıqçıları əsir alıb.
Onlardan 29 nəfərin hələ də İsrailin nəzarətində saxlanıldığı bildirilib.
Əsir mübadiləsi və beynəlxalq təşkilatlarla əlaqə
HƏMAS bəyan edib ki, atəşkəsin başlanmasından sonrakı ilk 72 saat ərzində 20 israilli əsiri azad edib, həmçinin Qəzzada həlak olmuş 28 israillidən 24-nün cəsədini taparaq beynəlxalq vasitəçilərə və Qızıl Xaça təhvil verib.
İsrailin əsirlərin siyahısını açıqlamamaqla razılaşmaya əməl etmədiyi, həmçinin 1800-dən çox fələstinlinin hələ də itkin sayıldığı vurğulanıb.
Humanitar yardımın qarşısı alınır
HƏMAS İsraili humanitar yardımları qəsdən əngəlləməkdə ittiham edib. Bəyanatda deyilir ki, İsrail hər gün ən azı 600 yardım maşınının, o cümlədən 50 yanacaq tankeri daxil olmalı olduğu halda, yalnız 200-ə yaxın tırın girişinə icazə verib, bunların da 60 faizi kommersiya məhsulları kimi qeydiyyata alınıb.
Təşkilat bildirib ki, Qəzzaya daxil olan yardımlar əhalinin təcili ehtiyaclarının cəmi 5 faizini qarşılayır. İsrail əsas ərzaq, yanacaq və sığınacaq materiallarının, eləcə də çadır və tikinti avadanlıqlarının girişinə mane olur.
Rəfah və Zikkim keçidlərinin bağlı qalması
HƏMAS İsraili Rəfah və Zikkim sərhəd keçidlərini bağlı saxlayaraq insani böhranı dərinləşdirməkdə ittiham edib. Qeyd olunub ki, bu keçidlərin bağlanması minlərlə xəstə və tələbənin vəziyyətini daha da ağırlaşdırıb.
Təşkilat beynəlxalq vasitəçilərə və atəşkəsin təminatçı ölkələrə çağırış edərək İsrailə təzyiq göstərməyə və razılaşmanın tam icrasını təmin etməyə çağırıb.
Yenidən hücum planları və siyasi mesaj
HƏMAS bəyan edib ki, İsrail hökuməti atəşkəsin qüvvəyə minməsindən bir həftə sonra Qəzzədəki hərbi əməliyyatlarını “Diriliş Müharibəsi” adı altında davam etdirmək qərarını təsdiqləyib. Bu addım, təşkilatın fikrincə, İsrailin beynəlxalq səylərə meydan oxuması və atəşkəsi bitirmək istədiyini göstərir.
Tələblər və beynəlxalq çağırış
HƏMAS, İsrailin:
-
Rəfah və Zikkim keçidlərini dərhal açmasını,
-
Qəzzaya 300 min təcili çadırın girişinə icazə verməsini,
-
Bərpa və mülki müdafiə üçün lazım olan avadanlıqların daxil olmasına mane olmamasını,
-
Habelə əsir fələstinlilərin siyahısını beynəlxalq qurumlara təqdim etməsini tələb edib.
