“Siyasi neytrallıq” bəhanəsi ilə qərar
Fransanın ən nüfuzlu ali elmi və tədqiqat müəssisələrindən biri olan College de France rəhbərliyi, noyabrın 13–14-də keçirilməsi planlaşdırılan Fələstin mövzusundakı beynəlxalq konfransı ləğv edib. Rəhbərlik bu qərarı “siyasi və ideoloji məsələlərdə tam neytrallıq” prinsipinə əsaslanaraq qəbul etdiyini bildirib.
Rəsmi açıqlamada qeyd olunur ki, institut “heç bir siyasi və ya ideoloji istiqamətdə mövqe tutmur, aktivist fəaliyyətləri təşviq etmir və dəstəkləmir”. Buna görə də “Fələstin və Avropa: Keçmişin Yükü və Müasir Dinamikalar” adlı tədbirin keçirilməsi məqsədəuyğun sayılmayıb.
Təşkilatçılardan sərt reaksiya
Konfransın təşkilatçılarından biri olan Paris Ərəb Araşdırmaları və Siyasi Tədqiqatlar Mərkəzi (CAREP) qərara kəskin etiraz edib. Mərkəz yaydığı bəyanatda bildirib ki, College de France rəhbərliyinin bu addımı “akademik azadlığa və ifadə azadlığına siyasi müdaxilədir.”
CAREP-in açıqlamasında qeyd olunur: “Bu qərar, Fransa akademik mühitində elmi debatların və fikir mübadiləsinin azadlığına zərbə vurur. Fələstin məsələsini elmi aspektdən müzakirə etmək siyasi fəaliyyət kimi təqdim oluna bilməz.”
Akademik dairələrdə narazılıq
Fransada bir çox alim və tədqiqatçı institut rəhbərliyinin qərarını “özünü senzura” kimi qiymətləndirib. Onların fikrincə, bu addım ölkədə Fələstin məsələsi ilə bağlı açıq elmi müzakirələrin getdikcə məhdudlaşdırıldığını göstərir.
Fransız mətbuatı yazır ki, son aylarda universitet və tədqiqat mərkəzlərində Fələstinlə bağlı tədbirlərin ya təxirə salınması, ya da ləğv edilməsi halları artıb. Bu isə akademik azadlıqla bağlı ciddi narahatlıqlar doğurur.
“Fələstin məsələsinə toxunmaq artıq risklidir”
Siyasi müşahidəçilər bildirirlər ki, Fransada İsrail-Fələstin münaqişəsinə toxunan elmi tədbirlərin qarşısının alınması hökumətin dolayısı ilə tətbiq etdiyi senzura siyasətinin nəticəsidir.
Bəzi alimlər hesab edirlər ki, bu cür qərarlar Fransa elmi mühitinin “demokratik ənənəsinə” xələl gətirir və akademik müstəqilliyi sual altına alır.
