İran İsrailin Livana Hücumunu Pislədi: “ABŞ-ın Dəstəyi ilə Həyata Keçirilən Dəhşətli Cinayət”

2 Dəq Oxuma Müddəti

İran XİN: Livana hücum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi hücumları sərt şəkildə qınayıb. Nazirlik bu hücumları “müstəqil dövlətin suverenliyinə və ərazi bütövlüyünə açıq təcavüz, həmçinin beynəlxalq sülh və təhlükəsizlik üçün ağır cinayət” adlandırıb.

Nazirliyin cümə günü yaydığı bəyanatda bildirilib ki, “İsrail rejiminin Livana qarşı davam edən hərbi hücumları yalnız bu ölkənin suverenliyini zəiflətmək, daxili sabitliyini pozmaq və onun yenidənqurma prosesini əngəlləmək məqsədi daşıyır”.

“Hücumlar ABŞ-ın dəstəyi və beynəlxalq susqunluqla həyata keçirilir”

İran Xarici İşlər Nazirliyi qeyd edib ki, “bu cinayətkar hücumlar heç bir şübhə doğurmadan ABŞ-ın tam dəstəyi və beynəlxalq ictimaiyyətin susqunluğu fonunda planlaşdırılır və icra olunur”. Bəyanatda vurğulanıb ki, bu, “İsrail rejiminin cinayətkar, terrorçu və hegemon xarakterinin daha bir sübutudur”.

Nazirlik BMT-ni, beynəlxalq ictimaiyyəti və region ölkələrini İsrailin “müharibə və qarşıdurma meyllərinə qarşı sərt və qəti mövqe tutmağa” çağırıb. Qeyd olunub ki, İsrailin cəzasız qalması və aqressiv siyasətini davam etdirməsi regionda sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaradır.

Tehran: Livan xalqı ilə həmrəyik

Bəyanatda İranın Livan xalqı və hökuməti ilə tam həmrəy olduğu vurğulanıb. “İran hökuməti Livanın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə edən bütün qanuni və milli səyləri dəstəkləyir,” – deyə XİN əlavə edib.

Xatırladaq ki, İsrail ordusu cümə axşamı gecə saatlarına qədər Livanın cənubundakı bir sıra kənd və yaşayış məntəqələrini hədəfə alıb. Hücumlar nəticəsində mülki binalar dağılıb, böyük maddi ziyan dəyib. Bundan öncə İsrailin Tura bölgəsində yerləşən ağac emalı sexinə endirdiyi hava zərbəsi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.

İran rəsmiləri bu hadisələri regionda sülhün pozulmasına yönəlmiş təhlükəli addım kimi qiymətləndiriblər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş