İsrailli professor İsrailin mövcudluq haqqını itirdiyini deyib
İsraildə fəaliyyət göstərən Tel-Hay Kollecinin psixologiya professoru İlana Hairston Təl-Əviv rejiminin Qəzzaya yardım aparan fəallara qarşı davranışını Nasist Almaniyasının cinayətləri ilə müqayisə edib. Professor bildirib ki, “Üçüncü Reyx necə ki, mövcudluq haqqını itirmişdi, İsrail də bu hüququ artıq itirib.”
Hairston bu fikirləri “Qlobal Sümud Flotiliya”sının iştirakçılarının ifadələrindən sonra sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, İsrail qüvvələrinin Qəzza istiqamətində humanitar yardım daşıyan gəmiləri ələ keçirməsi zamanı baş verənlər “tam bir soyqırım dövlətinin” mahiyyətini üzə çıxarıb.
“Soyqırım dövləti açıq şəkildə görünür”
Professorun paylaşımında qeyd olunur ki, İsrail qüvvələri fəallara qarşı “döymə, uzun saatlar diz çökdürülmə, tibbi yardımın qarşısının alınması, alçaldıcı rəftar və hədə-qorxu” kimi davranışlar sərgiləyib. O əlavə edib ki, beynəlxalq sularında insanların zorla ələ keçirilməsi beynəlxalq dəniz hüququnun açıq pozuntusudur.
İlana Hairston İsrailin Baş naziri Benyamin Netanyahunu və onun kabinet üzvlərini “qatillər və təcavüzkarlar” adlandıraraq, “onlar necə ki, ömürlərinin qalan hissəsini həbsdə keçirməlidirlərsə, İsrail rəhbərliyi də elə həbsxanada yaşamalıdır” deyib.
Qlobal Sümud Flotiliyasına hücum və beynəlxalq reaksiya
Oktyabrın 1-də Qlobal Sümud Flotiliyasına məxsus humanitar karvan Qəzza sahillərinə yaxınlaşarkən İsrail donanması tərəfindən beynəlxalq sularda saxlanılıb. Bu əməliyyat zamanı 40-dan çox gəmi ələ keçirilib, təxminən 450 fəal həbs olunub və işğal altındakı ərazilərə aparılıb. İsrailin Baş naziri Netanyahu isə bu qanunsuz əməliyyatı açıq şəkildə təqdir edib.
İstanbula deportasiya edilən beynəlxalq fəallar İsrail qüvvələrinin onlara “heyvan kimi davrandığını” və fiziki zorakılıq tətbiq etdiyini açıqlayıb. Bu hadisə dünyada geniş etirazlara, diplomatik qınaqlara və bəzi ölkələrdən sərt xəbərdarlıqlara səbəb olub.
BMT və beynəlxalq hüquq pozuntuları
Sentyabrın 16-da 16 ölkənin xarici işlər nazirləri birgə bəyanat yayaraq, İsrail rejimini flotiliyaya qarşı hər hansı qanunsuz və zorakı hərəkətdən çəkinməyə çağırmışdılar. Onlar xəbərdarlıq etmişdilər ki, beynəlxalq sularda gəmilərə hücum və iştirakçıların həbs edilməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndiriləcək.
İsrailin daha əvvəl də Qəzzaya yardım aparan gəmiləri ələ keçirdiyi məlumdur. Bu ilin mayında “Conscience” adlı gəmi Maltadan 14 dəniz mili məsafədə silahlı dronlarla vurulmuşdu. Daha sonra “Freedom Flotilla Coalition” təşkilatının təşkil etdiyi gəmilərə qarşı yeni hücumlar həyata keçirilib.
Qəzzada davam edən humanitar fəlakət
BMT müstəntiqlərinin son hesabatına görə, Təl-Əviv rejimi Qəzzada soyqırım törədir. Oktyabr 2023-dən bəri bölgədə 68 mindən çox fələstinli həyatını itirib. Qəzza sakinləri aclıq, xəstəlik və dağıntılar içində yaşamaqda davam edir.
