Əsir mübadiləsinin ilk mərhələsi həyata keçirildi
Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində Həmas hərəkatı 7 israilli əsiri azad edib. İsrail mediasının məlumatına görə, azad edilən əsirlər artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinə təhvil verilib və onların vəziyyəti qənaətbəxşdir.
Səhər saatlarında İsrail ordusu açıqlama yayaraq, Qırmızı Xaça məxsus nəqliyyat vasitələrinin Qəzzanın şimalına doğru hərəkət etdiyini və razılaşdırılmış nöqtədə Həmasın azad edəcəyi israilli əsirləri qəbul etməyə hazır olduğunu bildirib. Ordu əlavə edib ki, “yaxın saatlarda əlavə girovların təhvil verilməsi üçün də hazırlıq görülür”.
İsrailin “Kanal 13” televiziya kanalı məlumat verib ki, əsirlərin azad edilməsi prosesi iki mərhələdə həyata keçiriləcək – birinci mərhələ saat 8:00-da Nitsarim bölgəsində, ikinci mərhələ isə saat 10:00-da Xan Yunis yaxınlığında başlanacaq.
Fələstinli əsirlərin azadlığına hazırlıq
Qəzzanın digər tərəfində isə fələstinli əsirlərin azad olunması üçün hazırlıqlar aparılır. Məlumata görə, Qəzzadan Kərəm Əbu Salim keçid məntəqəsinə doğru bir neçə avtobus hərəkət edib. Bu avtobuslar azad ediləcək fələstinli əsirlərin daşınması üçün nəzərdə tutulub.
“Əl-Məyadin” telekanalının Qəzzadakı müxbiri bildirib ki, hələlik fələstinli əsirlərin ailələrinə azad ediləcək şəxslərin siyahısı təqdim olunmayıb. Bununla yanaşı, “Əl-Qəssam briqadaları” azadlığa buraxılacaq israilli əsirlərin adlarını açıqlayıb.
İsrail mediası isə səhər saatlarından etibarən fələstinli əsirləri daşıyan avtobusların Ofer həbsxanasına daxil olduğunu təsdiqləyib.
2000-dən çox fələstinlinin azad olunması gözlənilir
“Röyters” agentliyinin məlumatına əsasən, atəşkəs razılaşmasının ilk mərhələsində 1966 fələstinli əsirin azad ediləcəyi gözlənilir. Onlardan təxminən 250 nəfəri ömürlük həbs cəzası çəkənlərdir və onların Qərb sahili, Qüds və xaricə göndərilməsi planlaşdırılır.
İsrail Baş naziri Benyamin Netanyahunun sözçüsü Şuş Badrisyan bildirib ki, hökumət bütün sağ qalan 20 israilli əsirin eyni anda Qırmızı Xaç vasitəsilə təhvil veriləcəyini gözləyir. O, eyni zamanda qeyd edib ki, vəfat etmiş girovların meyitlərinin hamısının qaytarılacağına zəmanət yoxdur.
Bu halda, plan çərçivəsində müəyyən edilmiş beynəlxalq qurum həmin şəxslərin məzar yerlərinin müəyyən edilməsində və qalıqların təhvil verilməsində iştirak edəcək.