Ərdoğan: “Sülh tək tərəfli ola bilməz”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Yaxın Şərqdə sülhün təmin olunması üçün bütün tərəflərin məsuliyyət daşıması vacibdir. O, İsrailin Qəzzaya davamlı hücumlarını “sülhün məhv edilməsi” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu məsələdə ədalətli mövqe sərgiləməyə çağırıb.
Ərdoğan “X” sosial platformasındakı paylaşımında vurğulayıb ki, “sülh tək qanadla uça bilməz”, yəni məsuliyyət yalnız HƏMAS və fələstinlilərin üzərinə qoyula bilməz. Prezidentin sözlərinə görə, bu yanaşma nə ədalətli, nə də realistdir.
“Hücumlar sülh mühitini dağıdır”
Türkiyə lideri qeyd edib ki, İsrailin hərbi əməliyyatları bölgədə sülh üçün ən böyük maneəyə çevrilib. Onun sözlərinə görə, davam edən bombardmanlar, beynəlxalq çağırışlara baxmayaraq, müsbət mühitin formalaşmasına imkan vermir. Ərdoğan, ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, bir çox ölkələrin atəşkəsə çağırışlarını xatırladaraq, “əgər məqsəd həqiqi sülhdürsə, hücumlar dərhal dayandırılmalıdır” deyib.
O, zorakılığın heç bir nəticə verməyəcəyini vurğulayıb:
“Qan tökərək, kütləvi qırğınlarla və vəhşiliklə məqsədlərə çatmaq mümkün deyil.”
“Türkiyənin məqsədi bölgədə sabitlikdir”
Ərdoğan bildirib ki, Türkiyənin əsas məqsədi bölgədə davamlı sabitliyin təmin olunması və günahsız insanların həyatını itirməsinin qarşısının alınmasıdır. “Ən böyük arzumuz Qəzzada məzlum insanların əzablarının ən qısa zamanda sona çatmasıdır,” – deyə o qeyd edib.
Bu açıqlamalar Ankaranın diplomatik mövqeyinin tərkib hissəsidir. Türkiyə tərəflər arasında gərginliyin azaldılmasını, hərbi əməliyyatların dayandırılmasını və humanitar yardımın maneəsiz şəkildə bölgəyə çatdırılmasını prioritet hesab edir.
HƏMAS və ABŞ arasında danışıqlar
Digər tərəfdən, HƏMAS hərəkatı Donald Trampın təklifi əsasında bütün israilli əsirlərin – həm sağ, həm də həlak olanların cəsədlərinin – dəyişdirilməsi ilə bağlı razılığını açıqlayıb. ABŞ Prezidenti Tramp isə bildirib ki, HƏMAS-la aparılan danışıqlar “çox sürətli və uğurlu şəkildə” davam edir.
Bu prosesin uğurla nəticələnəcəyi təqdirdə, bölgədə gərginliyin azaldılması və sülh danışıqlarının bərpası istiqamətində mühüm addım atıla bilər.