Fələstin Fraksiyaları: “Heç Kəs Xalqın Silahından İmtina Edə Bilməz”

3 Dəq Oxuma Müddəti

“Əqsa Tufanı”nın ikinci ildönümündə mesaj: müqavimət davam edir

Fələstin müqavimət fraksiyaları “Əqsa Tufanı” əməliyyatının ikinci ildönümü münasibətilə birgə bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 7 oktyabr 2023-cü ildən başlayan İsrail təcavüzü tarixdəki ən qanlı və dağıdıcı müharibələrdən biridir, lakin bütün vəhşiliyinə baxmayaraq, işğalçı rejim müqaviməti məhv etmək və əsirlərini güc yolu ilə azad etmək məqsədinə çata bilməyib.

Fraksiyalar bildirib ki, Qəzza xalqının fədakarlığı və dirənişi sayəsində düşmənin planları iflasa uğrayıb, bu mübarizə isə “Fələstin müqavimət tarixində dönüş nöqtəsi” olub.

“Xalqın silahı danışıqlar predmeti deyil”

Bəyanatda qeyd edilir ki, müqavimət bütün formaları ilə xalqın yeganə müdafiə vasitəsidir və “heç bir tərəf xalqın silahından imtina edə və ya onu tərk edə bilməz”. Fraksiyalar bu silahı “qanuni və beynəlxalq hüquqla qorunan haqlı müdafiə vasitəsi” adlandırıb.

“Bu silah nəsildən-nəslə ötürüləcək, Fələstin torpaqları və müqəddəs məkanlar azad edilənə qədər əldən buraxılmayacaq,” – deyə bəyanatda vurğulanıb.

BMT və beynəlxalq ictimaiyyətə tənqid

Fələstin hərəkatları beynəlxalq ictimaiyyətin və BMT-nin sükutunu “utancverici laqeydlik” adlandırıb. Bəyanatda, İsrailin Qəzzada törətdiyi soyqırım cinayətlərinə qarşı dünya ölkələrinin konkret addım atmaması kəskin tənqid olunub.

Fraksiyalar həmçinin BMT Baş Assambleyasında İsrail baş naziri Benyamin Netanyahunun çıxışını “sionist narrativinin iflasının bariz nümunəsi” kimi qiymətləndiriblər.

Fələstin xalqına və dəstək cəbhələrinə çağırış

Müqavimət qüvvələri ərəb və islam ölkələrindəki xalqları Fələstinə dəstək üçün küçələrə çıxmağa, kütləvi etirazlar keçirməyə çağırıb. Bəyanatda Yəmən, Livan, İran və İraqdakı “dəstək cəbhələrinə” təşəkkür edilib, onların “möhkəm və prinsipial mövqeləri” yüksək qiymətləndirilib.

Eyni zamanda, “Əqsa Tufanı”nın liderlərinə – İsmayıl Haniyyə, Yəhya Sinvar, Məhəmməd Dayf və digər şəhid komandirlərə ehtiram ifadə olunub. Fraksiyalar onların “Fələstin azadlığı uğrunda canlarını fəda edən qəhrəmanlar kimi tarixə düşdüyünü” bildiriblər.

HƏMAS: “İki il xalqın sarsılmaz iradəsinin sübutudur”

HƏMAS hərəkatı ayrıca bəyanatla çıxış edərək qeyd edib ki, iki illik müharibə ərzində Fələstin xalqı öz torpağında köklü, iradəsində sarsılmaz qaldı.

“Bu iki ildə xalqımız yüzlərlə şəhid verdi, lakin milli dəyərlərindən və azadlıq amalından dönmədi,” – deyə bəyanatda qeyd olunub. HƏMAS həmçinin şəhid liderlər – İsmayıl Haniyyə, Yəhya Sinvar, Saleh əl-Aruri və Məhəmməd Dayfın adlarını ehtiramla yad edib.

Hərəkat bildirib ki, Fələstin xalqı hələ də silahını əlində tutaraq müqavimət yolunda birləşib və “gözlərini Qüdsə və bütün Fələstinə dikib”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş