İsrail donanması “Əzmkarlıq Donanması”na basqın etdi
İsrail işğalçı qüvvələri Aralıq dənizində Qəzzaya doğru hərəkət edən “Əzmkarlıq Donanması”na məxsus gəmilərə hücum edib. Donanmanın açıqlamasına görə, bu hadisə beynəlxalq sularda “qanunsuz müdaxilə və dəniz quldurluğu” kimi qiymətləndirilib.
Gəmilərin əsas istiqamətinin Qəzza olduğunu bildirən təşkilat, İsrailin onları Aşdod limanına məcburi yönləndirmək cəhdlərini rədd edib.
Rabitə və kameralar sıradan çıxarılıb
“Əzmkarlıq Donanması”nın bəyanatında qeyd olunur ki, İsrail ordusu müdaxilə zamanı bütün rabitə vasitələrini və müşahidə kameralarını sıradan çıxarıb. Bildirilir ki, əraziyə 20-dən çox İsrail hərbi gəmisi yaxınlaşıb, ətrafda isə 4 sualtı mina müşahidə olunub.
Donanma rəhbərliyi, gəmilərin komandirlərinə Aşdod limanına istiqamət dəyişdirmək əmri verildiyini, lakin kapitanların əsas məqsədin Qəzzaya yardım çatdırmaq olduğunu vurğuladığını bildirib.
İki gəmi ələ keçirilib
İsrail mətbuatı yazır ki, donanma qüvvələri artıq “Əlma” və “Sayros” adlı iki gəmini ələ keçirib, oradakı iştirakçılar həbs edilib. Bununla yanaşı, digər gəmilərin də əhatəyə alındığı, ancaq hələ tam nəzarət altına alınmadığı qeyd olunur.
Saxlanılanların Aşdod limanına aparıldığı bildirilir.
Fələstinlə həmrəylik aksiyaları
Gəmilərdən birinin kapitanı bəyan edib ki, bütün təzyiqlərə baxmayaraq, missiyalarının Qəzzaya yardım çatdırmaq olduğunu davam etdirəcəklər.
Qəzzaya tətbiq olunan mühasirəni qırmaq məqsədilə yaradılan Beynəlxalq Komitə isə açıqlama verərək, vəziyyətin nəzarətdə saxlanılması üçün təcili əməliyyat otağının aktivləşdirildiyini və eyni vaxtda Qahirədə həmrəylik aksiyasının başladıldığını elan edib.
“Qorxu manevrləri” iddiası
Donanma üzvləri arasında olan hollandiyalı nümayəndə Məhəmməd Quteyş İsrail hərbi qüvvələrini “təxribatçı və qorxu yaymaq məqsədli manevrlər” həyata keçirməkdə ittiham edib. Onun sözlərinə görə, məqsəd iştirakçılar arasında vahimə yaratmaq olsa da, “Əzmkarlıq Donanması” missiyasından geri çəkilməyəcək.
Hazırda beynəlxalq ictimaiyyət İsrailin addımını kəskin şəkildə qanunsuzluq və humanitar missiyaya qarşı hücum kimi qiymətləndirir.