İran Almaniya, Fransa və Britaniyadakı Səfirlərini Geri Çağırdı

2 Dəq Oxuma Müddəti

Tehran–Avropa münasibətlərində yeni gərginlik

İran Xarici İşlər Nazirliyi Almaniya, Fransa və Böyük Britaniyadakı səfirlərini məsləhətləşmələr üçün Tehrana geri çağırıb. Bu addım, üç ölkənin BMT Təhlükəsizlik Şurasında ləğv edilmiş sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salmasına cavab olaraq atılıb.

XİN-in açıqlamasına görə, Avropa dövlətlərinin bu davranışı “məsuliyyətsiz və qanunsuz” qiymətləndirilib. Nazirlik bəyan edib ki, sözügedən ölkələr həm nüvə sazişi – JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı), həm də BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi üzrə öhdəliklərini pozublar.

“Snapback” mübahisəsi

6 sentyabrda Almaniya, Fransa və Britaniya Təhlükəsizlik Şurasına məktub göndərərək “snapback” mexanizmini işə saldıqlarını elan ediblər. Bunun nəticəsində, 30 günlük müddətin bitməsi ilə İran əleyhinə əvvəllər ləğv edilmiş altı qətnamənin yenidən qüvvəyə minəcəyi açıqlanıb.

Buna cavab olaraq, Çin və Rusiya qətnamə 2231-in müddətinin uzadılması barədə sənəd təqdim etsə də, Təhlükəsizlik Şurasında kifayət qədər səs toplamadı.

Diplomatik təmaslar davam edir

1 oktyabrda Nyu-Yorkda İran nümayəndəsi Abbas Ərakçi ilə Avropanın üç ölkəsinin xarici işlər nazirləri və Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas arasında görüş keçirilib. İclasda diplomatiyanın davam etdirilməsi üçün bəzi təkliflər səsləndirilib və müzakirələrin bütün tərəflərlə davam etdirilməsi barədə razılıq əldə olunub.

İranın mövqeyi

İranın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının iclasında bildirib:
“Necə ki, hərbi hücumlar öz məqsədinə çatmadı, ‘snapback’ də uğursuz olacaq. Təhdid və təzyiqə cavab verməyəcəyik, yeganə çıxış yolu dialoqdur.”

Nazir əlavə edib ki, Avropanın üç ölkəsi öz öhdəliklərini pozduqları üçün “əsas icrasızlıq” iddiasında olmaq hüququnu itiriblər. Onların “snapback” mexanizminə müraciəti isə “aydın şəkildə sui-istifadədir”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş