Kamala Harris Qəzza İlə Bağlı Gecikmiş Mərhəmət Mesajı Verdi

2 Dəq Oxuma Müddəti

Harris-in Qəzza açıqlaması

ABŞ-ın sabiq vitse-prezidenti və Demokrat Partiyasının keçmiş prezidentliyə namizədi Kamala Harris Nyu-Yorkda keçirilən tədbirdə çıxışı zamanı Qəzza xalqına dəstək ifadələri səsləndirib. O bildirib ki, “Fələstin xalqına qarşı baş verənlər zalimcəsinədir və qəlbimi sındırır.”

Lakin Harris öz açıqlamalarında məsuliyyəti əsasən Donald Trampın üzərinə qoyaraq, onun İsrail baş naziri Benyamin Netanyahuya “istədiyini etməsi üçün açıq dəstək verdiyini” iddia edib.

Etirazlarla müşayiət olunan tədbir

CNN-in məlumatına görə, Harris yeni kitabı “107 gün” adlı əsərinin təqdimat turu çərçivəsində Nyu-Yorkda Demokrat Partiyasının tərəfdarları ilə görüşüb. Tədbir zamanı bir neçə etirazçı onun çıxışını kəsib.

Etirazçılardan biri Harris-ə səslənərək deyib:
“Sənin mirasın soyqırımdır, əllərin fələstinlilərin qanına batıb.”

Başqa bir qadın iştirakçı isə Harris-i birbaşa günahlandıraraq “Bu, sənin günahındır” sözlərini söyləyib.

Biden administrasiyası ilə bağlı ittihamlar

Etirazçılar Harris-i Bayden administrasiyasının İsrailə verdiyi dəstəyə görə məsuliyyət daşımaqda ittiham ediblər. Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Qəzza müharibəsinin ilk günlərində İsrailə gedərək rəsmi dəstəyini açıq şəkildə nümayiş etdirmişdi.

Harris isə çıxışında cavab olaraq:
“Hazırda mən prezident deyiləm, əlimdən heç nə gəlmir” – deyə bildirib.

Harris-in kitabı və seçki uğursuzluğu

Yeni nəşr olunan “107 gün” kitabında Harris ötən ilki seçki kampaniyası və Baydenin seçkidən çəkilməsindən sonra Tramp qarşısında məğlubiyyəti barədə yazıb. Tədbirdə tərəfdarlarının dəstəyi olsa da, Fələstin məsələsi ilə bağlı etirazlar onun açıqlamalarına kölgə salıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş