Daha Dörd Avropa Dövləti Fələstini Tanıdı

2 Dəq Oxuma Müddəti

Avropa ölkələri ard-arda Fələstin Dövlətini tanıyır

Fələstin məsələsində beynəlxalq tanınma prosesi genişlənməkdədir. Avropanın dörd dövləti – Belçika, Lüksemburq, Monako və Malta – rəsmi şəkildə Fələstin Dövlətini tanıdıqlarını elan ediblər. Bu addım, Qəzza müharibəsi fonunda diplomatik dəstəyin gücləndirilməsi kimi qiymətləndirilir.

Belçika: “Güclü siyasi mesaj”

Belçika Baş naziri Bart De Vever İsrail rəhbərliyinin son açıqlamalarına cavab olaraq ölkəsinin Fələstini tanıdığını bəyan edib:
“Baş nazir Netanyahunun da aralarında olduğu bir sıra israilli nazirlərin Fələstin dövlətinin heç vaxt mövcud olmayacağı barədə açıqlamaları, əksinə, fələstinlilərin öz dövlətlərinə sahib olma haqqını daha da təsdiqləyir. Bu səbəbdən Belçika da bu gün Fələstin Dövlətini tanıyaraq dünyaya güclü siyasi və diplomatik mesaj verir.”

Lüksemburq: “Bu, başlanğıcdır”

Lüksemburq Baş naziri Lyus Friden də ölkəsinin qərarını açıqlayaraq, bunu barışa bağlılığın göstəricisi adlandırıb:
“Lüksemburq bu gündən etibarən Fələstin Dövlətini rəsmən tanıyır. Bu, prosesin sonu deyil, əksinə, ümid, diplomatiya və birlikdə yaşamaq ideyasına bağlılığın başlanğıcıdır.”

Monako və Malta da qərara qoşuldu

Monako şahzadəsi II Albert çıxışında həm İsrailin mövcudluğuna dəstək verdiklərini, həm də Fələstini beynəlxalq hüquq əsasında dövlət kimi tanıdıqlarını bildirib.

Malta Baş naziri Robert Abela isə qərarı iki dövlətli həll yoluna sadiqliyin açıq göstəricisi kimi təqdim edib:
“Malta Respublikası qürurla bildirir ki, Fələstin Dövlətini rəsmən tanıyır. Bu addım hər iki xalqın gələcəyini təmin edəcək sülh və ədalətli iki dövlətli həllə bağlılığımızı əks etdirir.”

İkidövlətli həll yoluna dəstək artır

Bu açıqlamalarla Avropa İttifaqı daxilində Fələstin məsələsində yeni mərhələ başlanır. Artan sayda Avropa dövləti iki dövlətli həll yolunun yeganə çıxış yolu olduğunu vurğulayaraq, diplomatik dəstəyini açıq şəkildə nümayiş etdirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş