Tramp Qəzza münaqişəsi üçün yeni plan təklif edir
ABŞ prezidenti Donald Tramp bu gün bir sıra ərəb və islam ölkələrinin rəhbərləri ilə görüşərək Qəzza münaqişəsinin həlli istiqamətində yeni sülh planını təqdim edəcək. Plan çərçivəsində həmin ölkələrdən Qəzzaya hərbi qüvvə göndərmələri və bölgənin yenidən qurulmasına maliyyə dəstəyi göstərmələri xahiş olunacaq.
Ərəb və islam ölkələri ilə görüş
Ağ Evin sözçüsü Karolayn Levitin verdiyi məlumata görə, Tramp Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Misir, İordaniya, Türkiyə, İndoneziya və Pakistanın liderləri və nümayəndələri ilə görüşəcək. Görüşün əsas mövzusu İsrailin artan hücumları fonunda Qəzzadakı vəziyyət olacaq.
Məsələ ilə bağlı “Reuters”ə danışan mənbə bildirib ki, Tramp sözügedən görüşdə həmçinin bölgənin gələcək idarəetmə modelini də müzakirəyə çıxaracaq.
İsrailin geri çəkilməsi və yeni idarəetmə planı
ABŞ mediası, xüsusilə “Axios” saytı yazır ki, Trampın təqdim edəcəyi plan İsrailin Qəzzadan mərhələli şəkildə çıxarılması, bölgənin gələcək idarə olunması və Həmasın prosesdən kənar saxlanılmasını nəzərdə tutur. Bundan əlavə, müqavimət qüvvələrinin əlində olan israilli əsirlərin azad edilməsi məsələsi də planın əsas bəndləri arasındadır.
Vaşinqtonun hədəfi ərəb və islam ölkələrinin Qəzzaya beynəlxalq qüvvə göndərməsi, həmçinin keçid dövründə infrastrukturun bərpası üçün maliyyə dəstəyi təmin etməsidir.
BMT-də çıxış və ikidövlətli həll çağırışı
Tramp bu gün həmçinin BMT Baş Assambleyasında çıxış edəcək. Bu çıxış, dünən dünya liderlərinin BMT-də keçirdiyi və Fələstin dövlətinin yaradılmasına dəstək ifadə edilən toplantının ardınca baş tutacaq.
Toplantıda iştirak edən ölkələr ikidövlətli həll yolunun yeganə sülh yolu olduğunu bəyan ediblər. İsrail isə Fələstin dövlətinin tanınmasını “ekstremizmə mükafat” adlandıraraq sərt şəkildə etiraz edib.