2018-ci ilin rüsumları ləğv edildi
Türkiyə, ABŞ-dan idxal edilən bəzi məhsullara tətbiq olunan əlavə gömrük rüsumlarını aradan qaldırıb. Qərar prezident Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ştatlara səfəri və BMT Baş Assambleyasındakı iştirakından əvvəl dərc olunub.
Rəsmi məlumata görə, ləğv edilən rüsumlara avtomobillər, meyvələr, düyü, tütün məhsulları, bəzi spirtli içkilər, müəyyən növ bərk yanacaq və kimyəvi məhsullar daxil idi.
2018 böhranının fonu
Xatırladaq ki, Türkiyə bu rüsumları 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Trampın idxal mallarına tətbiq etdiyi tariflərə cavab olaraq tətbiq etmişdi. Həmin vaxt iki ölkə arasında gərginlik ticarət əlaqələrinə də ciddi təsir göstərmişdi.
Ərdoğan–Tramp görüşü öncəsi jest
Türkiyənin bu addımı ABŞ-la münasibətlərdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Prezident Ərdoğan bu həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak edəcək və sentyabrın 26-da Donald Tramp ilə görüşəcək.
Müşahidəçilər hesab edirlər ki, rüsumların ləğvi Ankara ilə Vaşinqton arasında ticarət və diplomatik əlaqələrin normallaşmasına dair müsbət siqnal ola bilər.