Əl-Qəssam Qəzzadakı İsrailli Əsirlərin “Vida Fotosunu” Yayımladı

2 Dəq Oxuma Müddəti

Əl-Qəssam israilli əsirlər üçün “vida fotosu” paylaşdı

Fələstin müqavimət hərəkatı HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadaları Qəzzada saxlanılan israilli əsirlərlə bağlı yeni açıqlama yayıb. Şənbə günü təşkilat özünün “Telegram” kanalında 46 əsirin fotosunun yer aldığı afişa dərc edib və bunu “vida şəkli” adlandırıb.

Məlumata görə, şəkillərdə həm sağ, həm də öldürülmüş əsirlər təsvir olunub. Hər bir əsirin fotosunun altında sıra nömrəsi və adı qeyd edilib. Afişanın yuxarı hissəsində isə İsrail ordusunun itkin düşmüş zabiti Ron Aradın fotosu yerləşdirilib. Bu addımla Əl-Qəssam israilli əsirlərin də Arad kimi qeybə çəkilə biləcəklərinə eyham vurub.

Ron Arad nümunəsi

Ron Arad İsrailin hərbi pilotu olub və 1986-cı il 16 oktyabr tarixində Livanın cənubunda iştirak etdiyi hücum zamanı təyyarəsi vurularaq əsir düşüb. Onun taleyi bu günədək naməlum olaraq qalır və İsraildə simvolik itkin hesab olunur. Əl-Qəssamın paylaşdığı mesaj əsirlərin də eyni aqibəti yaşaya biləcəyini göstərən bir xəbərdarlıq kimi qiymətləndirilir.

Məsuliyyət Netanyahu və Zamirin üzərinə qoyuldu

Açıqlamada HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunu və Müdafiə naziri Yoav Zamiri məsuliyyət daşımaqda ittiham edib. Əl-Qəssam bildirib ki, Qəzzaya qarşı başlanan quru əməliyyatlar əsirlərin həyatını birbaşa təhlükəyə atır.

Hərəkatın bəyanatında qeyd olunur: “Əsirlərin taleyinə görə bütün məsuliyyət Netanyahu və Zamirin üzərindədir.”

Qəzzada quru əməliyyatları fonunda mesaj

Xatırladaq ki, İsrail hökuməti bu həftə Qəzza şəhərinə quru hücuma başladığını rəsmən açıqlayıb. Əl-Qəssamın yayımladığı “vida fotosu” isə əməliyyatların daha da dərinləşməsi halında israilli əsirlərin sağ qalma ehtimalının azalacağına dair bir xəbərdarlıq kimi qəbul edilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş