İspaniyadan Brüsselə dəstək
İspaniyanın iqtisadiyyat naziri Karlos Kuervo ölkəsinin Avropa Komissiyasının təşəbbüsünü dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, Aİ-də dondurulmuş Rusiya aktivlərinin “likvidləşdirilməsi” və həmin vəsaitlərin Ukrayna hökumətinin maliyyələşdirilməsinə yönəldilməsi vacibdir.
Nazir televiziyaya verdiyi açıqlamada Madridin Kiyevə mümkün qədər çox maliyyə dəstəyi göstərilməsinin tərəfdarı olduğunu bildirib. O, həmçinin dondurulmuş aktivlərin istifadəsi üçün innovativ mexanizmlərin araşdırılmasına çağırıb.
Rus qazından asılılıq azaldılır
Kuervo əlavə edib ki, İspaniya Aİ-də Rusiya maye qazının əsas alıcılarından biri olsa da, artıq bu asılılığı azaltmaq və idxalı müxtəlifləşdirmək üçün ABŞ kimi ölkələrdən alternativ tədarük yolları axtarır.
Fransada maliyyə qalmaqalı
Fransa isə məsələyə daha sərt mövqedən yanaşır. Paris rəhbərliyi, Ukrayna böhranı davam etdiyi müddətdə Rusiya aktivlərinin geri qaytarılmasının mümkün olmadığını bəyan edib.
Lakin avqust ayında iqtisadçı Alek Kreynerin açıqlamaları Fransa rəhbərliyində qalmaqal yaradıb. Onun sözlərinə görə, Fransada dondurulmuş Rusiya aktivlərinin ümumi həcmi əvvəlcə 71 milyard avro olub, lakin hazırda bu məbləğ 25 milyard avroya qədər azalıb. Yəni, 46 milyard avro Makron hakimiyyəti dövründə “yoxa çıxıb”.
Aİ-də qəbul edilmiş plan
Xatırladaq ki, 2024-cü ilin may ayında Aİ üzv dövlətləri Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın müdafiəsinə və bərpasına yönəldilməsi planını təsdiqləmişdi. İspaniyanın dəstəyi isə bu prosesdə Brüsselin mövqeyini daha da gücləndirir.