Qanada İsrail Film Festivalına Qarşı Boykot Çağırışı

2 Dəq Oxuma Müddəti

Qanada İsrail film festivalına qarşı etiraz kampaniyası

Qanada 400-dən çox tanınmış şəxs – vətəndaş cəmiyyəti nümayəndələri, sənətçilər, alimlər, tələbələr və din xadimləri – İsrailin film festivalının ləğvi üçün genişmiqyaslı kampaniyaya start verib. Festivalın 16–20 sentyabr 2025-ci il tarixlərində paytaxt Akradakı “Silverbird” kinoteatrında keçirilməsi nəzərdə tutulurdu.

Kampaniya iştirakçıları festivalı “sionist təbliğatı” adlandıraraq, onu İsrailin Qəzzada həyata keçirdiyi “soyqırım və aparteid siyasətini ağardacaq mədəni tədbir” kimi qiymətləndiriblər. Onların fikrincə, incəsənət adı altında baş verən bu cəhdlər fələstinlilərə qarşı törədilən cinayətləri gizlətmək məqsədi daşıyır.


“Qana həmişə məzlumların yanında olub”

Koalisiyanın yaydığı bəyanatda bildirilib:
“Biz fələstinlilərin soyqırımı mədəniyyət və incəsənət vasitəsilə pərdələnərkən susa bilmərik. Qana tarixən istismar və müstəmləkəçiliyə qarşı dayanıb. Bu gün isə biz Fələstinin yanında dayanmalıyıq”.

Kampaniya ölkənin tanınmış jurnalistləri, hüquqşünasları və mədəniyyət xadimləri tərəfindən dəstəklənib.


Sponsorlara qarşı etiraz

Koalisiya, festivalın sponsorları olan “Kempinski” oteli, “Rolider”, “Siena Services”, “SAF STL Amandi” Fondu və Qananın İncəsənət və Media Universitetinə (UniMac) qarşı sərt tənqidlər səsləndirib. Xüsusilə UniMac-ın dəstəyi “ictimai etimadın pozulması” kimi dəyərləndirilib.

Etirazçılar festival günlərində “Silverbird” kinoteatrı qarşısında dinc aksiyalar, sponsor və tərəfdaşlara qarşı boykot, ictimai maarifləndirmə kampaniyaları və beynəlxalq həmrəylik təşəbbüsləri həyata keçirməyi planlaşdırır.


Qlobal mədəni boykot dalğası

Qanadakı bu təşəbbüs, son illərdə beynəlxalq kino sektorunda güclənən mədəni boykot hərəkatının bir parçası kimi qiymətləndirilir. Artıq 4000-dən çox sənətçi və məşhur, o cümlədən Hollivud ulduzları, İsrailin kino sənayesi ilə əlaqələri kəsmək barədə öhdəlik götürüblər.

Dünya ölkələrində keçirilən nümayişlər, boykotlar və ictimai kampaniyalar İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərə qarşı beynəlxalq təzyiqin artdığını göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş