Qatil İsrailin Gizli İşğal Strategiyası: Çoban Postları

4 Dəq Oxuma Müddəti

İordan çayının qərb sahilində işğal artıq yalnız divarlarla və beton bloklarla irəliləmir. Bir neçə çadır, bir neçə keçi və xurma bağı ilə başlayan işğalçı “çoban postları”, fələstinliləri məcburi köçə sürükləyən gizli, lakin davamlı bir işğal strategiyasına çevrilib.

İsrailin Qəzzadakı soyqırımı dünya gündəmini müəyyənləşdirərkən, İordan çayının qərb sahilində səssiz, amma dərin bir işğal davam edir. Bu işğal artıq divarlar, nəzarət məntəqələri və iri yaşayış məntəqələri ilə məhdudlaşmır. Görünüşdə sadə kənd həyatı təsiri bağışlayan, bir neçə çadır və heyvan sürüsü ilə başlayan “çoban postları” əslində Fələstin torpaqlarının addım-addım qəsb edilməsinə xidmət edir.

1967-ci ildəki işğaldan sonra bölgə hissə-hissə İsrailin nəzarəti altına düşməyə başladı. Oslo sazişlərindən sonra ərazi A, B və C bölgələrinə bölündü. Hazırda ərazinin təxminən 60 faizini təşkil edən C zonası tamamilə İsrailin inzibati və hərbi idarəsindədir. Fələstinlilərin sıx yaşadığı A və B bölgələri bir-birindən qoparılmış adalara çevrilib, boşluqlar isə sistemli şəkildə yaşayış məntəqələri ilə doldurulub.

Bu gün bölgədə 503 mindən çox işğalçı köçkün, Şərqi Qüdsdə isə 230 mindən artıq yəhudi məskunlaşıb. Ümumilikdə 730 mindən çox məskunlaşan beynəlxalq hüquqa zidd olaraq Fələstin torpaqlarına köçürülüb. İsrail 147 rəsmi yaşayış məntəqəsi və 200-dən çox qeyri-rəsmi postu illər ərzində “qanuniləşdirərək” genişləndirib.

2025-ci ildə vəziyyət daha da kəskinləşib. Şərqi Qüds ilə Maale Adumim arasında 3 400 evin tikilməsini nəzərdə tutan E1 layihəsi təsdiqlənmək üzrədir. Bu plan həyata keçərsə, İordan çayının qərb sahili şimal və cənub hissələrə bölünəcək, Fələstinin coğrafi bütövlüyü tamamilə itəcək. BMT Baş katibi bu addımı “iki dövlətli həll üçün ölümcül zərbə” adlandırıb.

Gündəlik təzyiqlər də işğalı dərinləşdirir. 2025-ci ilin ilk aylarında C bölgəsində yüzlərlə fələstinli ev “icazəsiz” adı ilə dağıdılıb. Eyni zamanda, fələstinlilərə qarşı minlərlə hücum qeydə alınıb, kəndlər arasında yeni maneələr qurulub. Bütün bu təzyiqlərin içində son illərdə fərqlənən bir üsul isə “çoban postları”dır.

Çoban postları: gizli işğalın aləti

“Çoban postları” əvvəlcə bir neçə çadır və sürü ilə başlayır. Qısa müddətdə bu sahələr çəpərlənir, “özəl mülk” elan olunur və fələstinli çobanların meralara çıxışı əngəllənir. İnsan haqları təşkilatları bildirir ki, bu üsul təxminən 78 min hektarı – İordan çayının qərb sahilinin 14 faizini – İsrailin faktiki nəzarətinə verib. Başlanğıcda müvəqqəti görünən bu postlar zamanla təsərrüfatlara, sonra isə yeni yaşayış məntəqələrinə çevrilir.

Ürdün vadisi bu siyasətin ən intensiv tətbiq olunduğu bölgədir. Ən məhsuldar torpaqlara sahib olan bu ərazi tarixən fələstinlilərin əsas yaşayış və təsərrüfat məkanı olub. Lakin indi yüzlərlə ailə məcburi köç etmək zorunda qalıb. BMT-nin son hesabatları, təkcə bu vadidə onlarca ailənin evsiz qaldığını təsdiqləyir.

İqtisadi işğal

Qəsb edilmiş meralarda istehsal olunan məhsullar “İsrail məhsulu” adı altında beynəlxalq bazarlara çıxarılır. Avropa Birliyi bu məhsulların İsrail malı sayıla bilməyəcəyini dəfələrlə vurğulasa da, işğalçı dövlət bu ixracatı davam etdirir.

Həyatların qaralması

Hər “çoban postu” bir zorunlu köç hekayəsi deməkdir. Əsrlərlə eyni torpaqda yaşamış fələstinli ailələr meralarını itirdikcə heyvanlarını satmaq və ya kəndlərini tərk etmək məcburiyyətində qalırlar. İşğalçılar bəzən çobanlara və heyvanlara hücum edir, bəzən də ailələri təhdid edərək yaşayışı mümkünsüz hala gətirirlər.

Beynəlxalq reaksiyalar

BMT İnsan Haqları Şurası bu postları “ilhakın yeni siması” adlandırıb. Avropa Birliyi də onları beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirib. Lakin bütün bu açıqlamalar sahədə real nəticə verməyib. ABŞ isə formal etirazlarla kifayətlənərək İsrailə hərbi və maliyyə dəstəyini davam etdirib.

İordan çayının qərb sahilində görünüşdə sadə çadır və heyvan sürüsü kimi görünən “çoban postları” əslində sərhədləri dəyişdirən və Fələstinin coğrafi bütövlüyünü məhv edən gizli işğal strategiyasının bir hissəsidir. Bu üsul yalnız torpaqları deyil, fələstinlilərin iqtisadiyyatını, mədəniyyətini və gündəlik həyatını da məhv edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş