Milli Komandamız 1 il 3 Aydır Qələbəyə Həsrətdir

2 Dəq Oxuma Müddəti

Millimizin acı statistikasI

Azərbaycan milli futbol komandası bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq. Rəqib isə Avropanın güclü komandalarından biri – Ukrayna millisidir. Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da başlayacaq.

FİFA-nın son reytinq cədvəlinə görə, Sergey Rebrovun çalışdırdığı Ukrayna 26-cı pillədə qərarlaşıb. Azərbaycan millisi isə 122-ci yeri tutur. Bu, rəqibimizlə aramızda 96 pilləlik böyük fərqin olduğunu göstərir. Lakin narahatedici məqam yalnız reytinqdəki uçurum deyil.

Millimiz artıq 11 oyundur qələbə qazana bilmir. Bu müddətdə komandamız 9 dəfə məğlub olub, cəmi 2 oyunda heç-heçə edib. Son 11 matçda 29 qol buraxan millimiz cəmi 4 dəfə fərqlənə bilib. Bu uğursuz nəticələrin hamısı dünən istefaya göndərilən portuqaliyalı baş məşqçi Fernandu Santuşun dövründə qeydə alınıb.

Son qələbə 2024-cü ildə

Azərbaycan millisinin son qələbəsi 2024-cü ilin iyununda, Macarıstanda keçirilən yoxlama görüşündə qeydə alınıb. Həmin qarşılaşmada Arif Əsədovun rəhbərliyi altında millimiz Macarıstanı 3:2 hesabı ilə məğlub etmişdi. Bu qələbədən düz 1 il 3 ay keçib.

Abbasovun imtahanı

Ukrayna ilə bugünkü matçda millimizi müvəqqəti olaraq Ayxan Abbasov çalışdıracaq. Hazırda “Şamaxı” klubunun baş məşqçisi olan Abbasov eyni zamanda U-21 yığmasına da rəhbərlik edir. 44 yaşlı mütəxəssis Santuşun istefasından sonra qəfil əsas komandaya gətirilib. Onun milli ilə bağlı gələcək taleyi isə böyük ehtimalla bu oyunun nəticəsindən asılı olacaq.

Azərbaycan futbol ictimaiyyəti bu qarşılaşmada millinin illərdir davam edən uğursuz seriyasına son qoyacağına ümid edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş