İsrailin Qatil Müdafiə Naziri Qəzzəyə Yeni Hücumlar Hədələdi

2 Dəq Oxuma Müddəti

Katzdan açıq təhdid

İsrailin müdafiə naziri Yisrael Katz, Qəzzə şəhərinə qarşı hücumların daha da şiddətlənəcəyini açıqlayıb. ABŞ mərkəzli sosial media platformasında paylaşım edən Katz, ordunun çoxmərtəbəli binaları və digər tikililəri hədəf alacağını bildirib.

Nazir, HƏMAS-a müraciət edərək israilli əsirlərin və silahların təhvil verilməsini tələb edib:
“Əks halda Qəzzə və siz yox ediləcəksiniz,” – deyə açıq təhdid səsləndirib.

İndi də şəhər işğalı gündəmdə

İsrail Təhlükəsizlik Kabineti 8 avqustda Qəzzə şəhərinin işğalı planını təsdiqləyib. Plana əsasən, əvvəlcə təxminən 1 milyon fələstinli məcburi şəkildə cənuba sürüləcək, ardınca şəhər mühasirəyə alınıb ağır bombardmana məruz qoyulacaq. Növbəti mərhələdə isə böyük dağıntılara çevrilmiş Qəzzənin mərkəzindəki qaçqın düşərgələrinin işğalı nəzərdə tutulur.

Çoxmərtəbəli binalar ard-arda dağıdılır

Son günlər İsrail ordusu Qəzzə şəhərində əsasən çoxmərtəbəli yaşayış binalarını hədəfə alır. 5 sentyabrda “Müştəha”, 6 sentyabrda “Əs-Susi”, 7 sentyabrda isə “Ər-Ru’ya” adlı böyük yaşayış kompleksləri tamamilə dağıdılıb.

Yüzlərlə fələstinlinin yaşadığı binaların vurulması nəticəsində ətrafdakı çadır düşərgələri və digər tikililər də ziyan görür. Məqsədin, əhalini kütləvi şəkildə cənuba köçməyə məcbur etmək olduğu bildirilir.

Netanyahu: “Hücumlar genişlənəcək”

İsrailin baş naziri Binyamin Netanyahu da son hökumət iclasında Qəzzə şəhərinin işğalı üçün hücumların daha da şiddətlənəcəyini bildirib. O, artıq 100 min fələstinlinin zorla evlərindən çıxarıldığını da etiraf edib.

Beynəlxalq ictimaiyyət isə İsrailin davam edən hücumları və mülki əhalinin hədəfə alınması səbəbindən artan narazılıq içindədir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş