az.rasthaber.com xəbərin, Sky News-a istinadən verdiyi məlumata görə, Fransa hökuməti dağılmaq ərəfəsindədir və ölkə eyni zamanda borc böhranı ilə də üz-üzə qala bilər.
Britaniya mediasının xəbərində bildirilir ki, Fransada yaranmış siyasi çıxılmazlıq 2020-ci ildən bəri görünməmiş şəkildə altıncı baş nazirin istefası ilə nəticələnə bilər. Halbuki ölkə iqtisadiyyatı böhranı aradan qaldırmaq üçün kifayət qədər maliyyə imkanlarına malik deyil.
Məlumatlara əsasən, Avropanın bir çox iri iqtisadiyyatları borc problemləri ilə mübarizə aparır. Amma xüsusilə Fransa və Böyük Britaniyada istiqraz gəlirləri kəskin artaraq digər Avropa ölkələrindən fərqli bir tendensiya nümayiş etdirir. Bu da investorların riskləri daha yüksək qiymətləndirdiyini göstərir.
Fransada dövlət xərclərinin həddindən artıq olması uzun illərdir müzakirə mövzusudur. İndiyədək bu məsələni həll edəcək aydın siyasi plan ortaya qoyulmayıb. Müşahidəçilər xəbərdarlıq edirlər ki, hazırkı böhran yalnız iqtisadi sabitliyi deyil, həm də yeni sosial qarışıqlıqları — 2018-ci ildəki Sarı Jiletlilər etirazlarını və sonrakı iğtişaşları — təkrar gündəmə gətirə bilər.
Baş nazir François Bayrou 44 milyard avroluq büdcə planı təqdim edib. Plan genişmiqyaslı xərclərin azaldılmasını və iki rəsmi tətil gününün ləğvini nəzərdə tutur. Amma məhz bu layihə Bayrou-nun istefasına səbəb ola bilər.
Parlamentdə müxalifət qrupları Bayrouya dəstək verməkdən və onun planına etimad səsi verməkdən imtina ediblər. Əgər baş nazir getməyə məcbur olsa, Prezident Emmanuel Makron yeni baş nazir təyin etməli olacaq. Xatırladaq ki, ötən il də Makron əvvəlki baş nazir Mişel Barnier ilə yollarını ayırmışdı.
Müxalifət partiyaları razılaşırlar ki, Fransanın borc və büdcə kəsiri çox yüksəkdir, amma bu yükün kimlərin üzərinə qoyulması barədə ciddi fikir ayrılıqları mövcuddur.