Ben-Qvir sionist rejim qüvvələrinin müşayiəti ilə instituta daxil oldu
Qondarma hökumətinin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir çərşənbə axşamı sionist rejim qüvvələrinin müşayiəti ilə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə – UNRWA-ya məxsus Qələndiya Peşə Təlim İnstitutuna daxil olub.
Məlumata görə, rejim hərbçiləri işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən institutun bütün əməkdaşlarını binadan çıxarıblar.
Basqından dərhal sonra təhsil müəssisəsinin ətrafında sərt təhlükəsizlik tədbirləri tətbiq edilib. Əraziyə çoxsaylı rejim hərbi texnikasının yerləşdirildiyi və institutun mühasirəyə alındığı bildirilir.
Kafr Əqəbdə də boşaltma əməliyyatı başladıldı
İtamar Ben-Qvir Qələndiyadakı müdaxilədən sonra UNRWA-nın Kafr Əqəbdə yerləşən obyektinin də boşaldılmasına başlanıldığını açıqlayıb.
Bu addımlar işğalçı rejim hökumətinin UNRWA-nın Şərqi Qüds və digər Fələstin ərazilərindəki fəaliyyətinə qarşı təzyiqlərinin daha da gücləndiyi bir dövrə təsadüf edir.
Agentlik Fələstinli qaçqınlara təhsil, səhiyyə, sosial yardım və digər həyati xidmətlərin göstərilməsində mühüm rol oynayır.
HƏMAS: “Bu, müharibə cinayətidir”
Hadisəyə HƏMAS-ın Siyasi Bürosunun üzvü Basim Naim də münasibət bildirib.
O, UNRWA obyektinə qarşı həyata keçirilən addımları “müharibə cinayəti və beynəlxalq hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib.
Naim beynəlxalq ictimaiyyətin yalnız bəyanatlarla kifayətlənməsini də kəskin tənqid edib. Onun sözlərinə görə, real cəza tədbirlərinin görülməməsi işğalçı İsrail hökumətinin bu cür addımları davam etdirməsinə şərait yaradır.
UNRWA daha əvvəl xəbərdarlıq etmişdi
UNRWA avqustun əvvəlində Qələndiya Peşə Təlim İnstitutunun işğalçı İsrail hakimiyyəti tərəfindən qanunsuz bağlanılması və ya ələ keçirilməsi ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi.
Agentlik bildirmişdi ki, belə bir addım minlərlə fələstinli qaçqının BMT Baş Assambleyasının verdiyi səlahiyyət çərçivəsində göstərilən təhsil və peşə hazırlığı xidmətlərindən məhrum edilməsinə səbəb ola bilər.
İnstitut 1953-cü ildən fəaliyyət göstərir
Qələndiya Peşə Təlim İnstitutu Qələndiya qaçqın düşərgəsinin yaxınlığında, işğal altındakı Şərqi Qüdsün şimalında yerləşir. Təhsil müəssisəsinin ərazisinin 88 dönümdən çox olduğu bildirilir.
İnstitut 1953-cü ildən fəaliyyət göstərir və uzun illər ərzində yüzlərlə fələstinli qaçqın tələbəyə müxtəlif istiqamətlər üzrə peşə təhsili verib.
UNRWA-nın mandatı çərçivəsində fəaliyyət göstərən müəssisə gənclərin peşə əldə etməsi və əmək bazarına hazırlanması baxımından mühüm təhsil mərkəzlərindən biri hesab olunur.
UNRWA üzərində təzyiq artır
Qələndiya institutunda baş verənlər rejim hökumətinin UNRWA-ya qarşı uzun müddətdir davam edən təzyiqlərinin yeni mərhələsi kimi qiymətləndirilir.
Fələstin tərəfi sionist rejim agentliyin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində atdığı addımların təkcə BMT qurumunu deyil, onun xidmətlərindən istifadə edən çoxsaylı fələstinli qaçqını hədəfə aldığını bildirir.
İnstitutun əməkdaşlarının çıxarılması və ərazinin rejim qüvvələri tərəfindən nəzarətə götürülməsi isə Qələndiyadakı təhsil müəssisəsinin gələcək fəaliyyətini qeyri-müəyyən vəziyyətə salıb.
