20 Qəpiklik Fərq “Buta” Aptekinə 4000 Manata Başa Gəldi

1 Dəq Oxuma Müddəti

Aptekdə qiymət uyğunsuzluğu aşkarlanıb

“Buta” apteklər şəbəkəsi istehlakçı şikayəti əsasında cərimələnib.

Məlumata görə, hadisəyə Biləsuvar rayon sakini Gündüz İmanzadənin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərdiyi müraciət səbəb olub.

Vətəndaş şikayətində bildirib ki, Biləsuvar şəhəri Heydər Əliyev küçəsində yerləşən “Buta” aptekdə “Zintox N20” adlı qida əlavəsi üzərində göstərilən qiymətdən baha satılıb.

Məhsul 20 qəpik baha satılıb

Şikayətçinin təqdim etdiyi məlumata əsasən, məhsulun qablaşdırmasında qiymət 25 manat 90 qəpik göstərilsə də, satış zamanı ondan 26 manat 10 qəpik tələb olunub.

Beləliklə, məhsulun satış qiyməti ilə üzərində qeyd olunan qiymət arasında 20 qəpik fərq yaranıb.

Vətəndaş müraciətinə satış qəbzini və məhsul qablaşdırmasının görüntülərini də əlavə edərək aidiyyəti dövlət qurumuna təqdim edib.

Araşdırma nəticəsində pozuntu təsdiqlənib

Dövlət qurumu tərəfindən aparılan araşdırma zamanı şikayətdə göstərilən faktlar təsdiqini tapıb.

Araşdırma nəticəsində şirkət əməkdaşının hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əlamətləri müəyyən edilib.

Bununla bağlı inzibati xəta haqqında protokol hazırlanaraq məhkəməyə təqdim olunub.

Məhkəmə 4000 manat cərimə tətbiq edib

Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə “Buta” apteklər şəbəkəsi 4000 manat məbləğində inzibati cərimə edilib.

Hadisə istehlakçı hüquqlarının qorunması və satış zamanı qiymət məlumatlarının düzgün təqdim edilməsinin vacibliyini bir daha gündəmə gətirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş