Qüdsdə erməni icmasına təzyiqlər gündəmə gətirilib
İşğalçı İsrailin “The Jerusalem Post” qəzeti Şərqi Qüdsdə yaşayan erməni icmasının uzun illərdir üzləşdiyi təzyiq, ayrı-seçkilik və hücumlarla bağlı diqqətçəkən məqalə dərc edib.
Qəzetin yazdığına görə, Qüdsdə ermənilərə qarşı təzyiqlərin bir hissəsi radikal haredi gəncləri və ifrat millətçi qruplar tərəfindən həyata keçirilir. Məqalədə bu hadisələrə sionist rejim daxilində və beynəlxalq səviyyədə yetərli reaksiyanın göstərilmədiyi vurğulanır.
Nəşr erməni icmasının şəhərdə uzun müddətdir ikili standartlarla üzləşdiyini bildirir.
Müqəddəs məkanın girişinə tüpürüldüyü bildirilir
Məqalədə son dövrlərdə qeydə alınan bir sıra hadisələrə xüsusi diqqət çəkilib.
Qəzetin məlumatına görə, radikal şəxslər Qüdsün Erməni məhəlləsində yerləşən Müqəddəs Yaqub kafedralının girişinə tüpürüb, ermənilərə məxsus yaşayış evlərinə isə daş atıblar.
Bu kimi hadisələrin icma daxilində ciddi narahatlıq yaratdığı bildirilir. Erməni sakinlərin bir hissəsi hesab edir ki, hücumlarda iştirak edən şəxslərin lazımi səviyyədə cəzalandırılmaması onlarda məsuliyyətdən yayına biləcəkləri düşüncəsini gücləndirir.
Din xadimləri də təzyiqlərlə üzləşir
Qəzet Qüdsün qədim şəhər hissəsində yerləşən Erməni məhəlləsinin coğrafi mövqeyinin icmanı daha həssas vəziyyətə gətirdiyini qeyd edir.
Nəşrin məlumatına görə, illər ərzində kilsələrin və dini əmlakın təhqir olunması, erməni din xadimlərinə tüpürülməsi, şifahi təhqirlər, fiziki hücumlar və dini zəmində digər təzyiq halları qeydə alınıb.
Məqalədə bu hadisələrin sionist rejim siyasətində ifrat millətçi və radikal sağçı qüvvələrin təsirinin artdığı şəraitdə baş verdiyinə diqqət çəkilir.
İşğalçı İsrail polisinin fəaliyyəti tənqid olunur
“The Jerusalem Post” yazır ki, Erməni məhəlləsində baş verən hadisələrdən sonra sionist rejim polisi bəzi şübhəliləri saxlayaraq polis bölməsinə aparsa da, onların böyük hissəsi qısa müddət sonra sərbəst buraxılır.
Nəşr hüquq-mühafizə orqanlarının tətbiq etdiyi tədbirlərin yeni hücumların qarşısını almaq üçün yetərli olmadığını bildirir.
Qəzetin yazdığına görə, bəzi hallarda şübhəlilərə yalnız xəbərdarlıq edilir, bəzilərinin isə Qüdsün qədim şəhər hissəsinə daxil olmasına bir neçə günlük məhdudiyyət qoyulur. Daha sonra həmin şəxslər sərbəst buraxılır.
“Bunlar ayrı-ayrı hadisələr deyil”
Məqalədə vurğulanır ki, erməni icmasının üzləşdiyi problemlər yalnız bir neçə şəxsin törətdiyi ayrı-ayrı hadisələr kimi qiymətləndirilməməlidir.
Nəşr bunu radikal dini fəalların və ifrat millətçi şəxslərin iştirakı ilə təkrarlanan daha geniş təzyiq hallarının bir hissəsi kimi təqdim edir.
Qəzetə görə, belə hadisələrin davam etməsi Qüdsdəki erməni icmasının gündəlik həyatını çətinləşdirir və dini azlıqların təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
Beynəlxalq təşkilatlara çağırış edilib
Məqalədə beynəlxalq insan hüquqları təşkilatlarının Qüdsdə ermənilərə qarşı baş verdiyi bildirilən hadisələrə daha yaxından diqqət yetirməsinin vacibliyi vurğulanıb.
İnsan Hüquqları Müşahidə Təşkilatı, Beynəlxalq Əfv Təşkilatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı kimi qurumlar hadisələri araşdırmağa, vəziyyəti davamlı izləməyə və Qüdsdəki erməni icmasının daha güclü şəkildə qorunması üçün addımlar atmağa çağırılıb.
Sionist rejim qəzetinin dərc etdiyi məqalə Qüdsdə dini azlıqların təhlükəsizliyi və radikal qrupların fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

