İran Hörmüz Boğazı ilə Bağlı Yeni Xəbərdarlıq Etdi

2 Dəq Oxuma Müddəti

Hörmüz boğazı ilə bağlı sərt bəyanat

İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü briqada generalı İbrahim Zülfüqari bildirib ki, İranın dondurulmuş aktivlərindən vəsait alan heç bir ölkə və ya şirkətin gəmisinin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək.

Onun sözlərinə görə, bu qərar İranın milli maraqlarının müdafiəsi çərçivəsində qəbul edilib.

Trampa xəbərdarlıq

Zülfüqari ABŞ Prezidenti Donald Trampa da xəbərdarlıq edərək bildirib ki, İranın dondurulmuş aktivlərindən istifadə etməklə zərər görmüş gəmilərə kompensasiya ödənilməsi qanunsuz addım olacaq.

O vurğulayıb ki, Trampın bu təşəbbüsünü dəstəkləyən ölkə və şirkətlərin gəmilərinə də Hörmüz boğazından keçməyə icazə verilməyəcək.

İran ABŞ-ni məsuliyyət daşıyan tərəf kimi göstərdi

Qərargah rəsmisi bildirib ki, müharibə zamanı zərər görən gəmilər ABŞ ordusunun bölgədə təhlükəsizliyi pozan fəaliyyətləri nəticəsində ziyan çəkib.

İran tərəfi bu səbəbdən məsuliyyətin Vaşinqtonun üzərinə düşdüyünü iddia edir.

Gərginlik davam edir

Bir gün əvvəl İran dövlət televiziyası ABŞ ordusunun təşviqi ilə altı gəminin Hörmüz boğazında müəyyən olunmuş marşrutdan kənar hərəkət etməyə cəhd göstərdiyini bildirmişdi.

Rəsmi məlumata görə, həmin gəmilərdən biri qəzaya uğrayıb, digərləri isə geri qaytarılıb.

Tehran hazırda yalnız İranın müəyyən etdiyi rəsmi gəmiçilik marşrutunun açıq olduğunu bildirir və ABŞ-ni gəmiləri alternativ keçidlərdən istifadə etməyə təşviq etməkdə günahlandırır.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi də ABŞ-nin İranın dondurulmuş aktivlərindən gələcək kompensasiyalar üçün istifadə etmək planını tənqid edərək bunun ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq etmişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş