Sosial şəbəkələrdə narazılıqlar artır
Son günlər sosial şəbəkələrdə qaz və elektrik sayğacları ilə bağlı çoxsaylı şikayətlər paylaşılır. Vətəndaşlar bildirirlər ki, balanslarına yüklədikləri vəsaitin bir hissəsi müxtəlif səbəblərlə çıxılır və bununla bağlı onlara aydın izahat verilmir.
Şikayətlərdə əsasən smart sayğac sistemləri, kart vasitəsilə edilən ödənişlər və balans göstəricilərində uyğunsuzluqlar ön plana çəkilir. Açıqlamalara görə, bəzi hallarda karta yüklənən məbləğin tam hissəsi balansda görünmür, “sabit tarif” və digər ödənişlər adı ilə vəsait tutulur.
Bir istifadəçi yazır:
“Dünən karta 20 manat yüklədim. Sayğaca taxanda cəmi 4 manat göstərdi. Qaynar xətt köhnə borcum olduğunu dedi. Halbuki hər ay ödəniş edirəm.”
Sumqayıt sakinləri də oxşar problemlərlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, karta yüklənən məbləğin bir hissəsi səbəbi açıqlanmadan çıxılır və müraciətlərə baxmayaraq, konkret cavab verilmir.
Oxşar açıqlamalar Naxçıvan Muxtar Respublikasından da səsləndirilir. Sakinlər bildirirlər ki, qaz və elektrik kartlarına köçürdükləri məbləğdən xəbərdarlıq edilmədən müəyyən vəsait tutulur.
“Sabit tarif” nəyi dəyişdi?
Tarif Şurasının qərarına əsasən, 2026-cı il yanvarın 1-dən etibarən mənzillər, fərdi yaşayış evləri və kiçik müəssisələr elektrik və təbii qaz xidmətinə görə aylıq 1 manat, iri müəssisələr isə 3 manat sabit abonent haqqı ödəyirlər.
Rəsmi məlumatlara əsasən, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bu ödənişlər hesabına hər ay təxminən 5,83 milyon manat sabit abonent haqqı toplanır.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məlumatına görə, ölkədə elektrik enerjisi üzrə əhali abonentlərinin sayı 2 milyon 932 min 823, qeyri-əhali abonentlərinin sayı isə 200 min 292-dir.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən isə təbii qaz üzrə 2 milyon 648 min 382 əhali abonenti və 46 min 910 qeyri-əhali abonenti mövcuddur.
Ekspertlər vətəndaşlara rəsmi müraciət etməyi tövsiyə edir
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, kommunal xidmətlərlə bağlı problemlərin həlli üçün sosial şəbəkələrdə paylaşım etmək kifayət deyil.
Onun sözlərinə görə, istehlakçılar əvvəlcə şəxsi hesablarını yoxlamalı, daha sonra xidmət göstərən quruma yazılı müraciət etməli və hesablamaların yenidən araşdırılmasını tələb etməlidirlər.
Qəhrəmanlı bildirir ki, inzibati qaydada problem həll olunmadıqda, vətəndaşların məhkəməyə müraciət etmək hüququ da var.
İqtisadçı, REAL Partiyasının sədri Natiq Cəfərli də oxşar mövqe sərgiləyərək qeyd edib ki, belə halların araşdırılması üçün rəsmi şikayət mexanizmlərindən istifadə vacibdir.
Onun fikrincə, vətəndaşların hüquqi prosedurlardan az istifadə etməsi problemlərin uzun müddət həll olunmamasına səbəb olur. Cəfərli əlavə edib ki, hazırda 1 manat müəyyən edilən sabit tarifin gələcəkdə artırılması da istisna deyil.
Rəsmi qurumlar hələlik açıqlama verməyib
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına sorğu göndərilib. Lakin material hazırlanarkən sorğulara cavab verilməyib.
Qurumların mövqeyi təqdim olunacağı təqdirdə məlumat yenilənəcək.

