Tarixi An: Şəhid Rəhbərin Cənazəsi Nəcəfə Çatdı, İraq Xalqı Ayağa Qalxdı

2 Dəq Oxuma Müddəti

Xameneinin cənazəsi Nəcəfə gətirildi

Şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsi çərşənbə axşamı axşam saatlarında İraqın müqəddəs Nəcəf şəhərinə çatdırılıb.

İraqın Baş naziri Əli Zeydi cənazəni daşıyan təyyarəni hava limanında qarşılayıb. Qarşılama mərasimində İraq və İranın yüksək vəzifəli rəsmiləri, diplomatlar və xarici nümayəndə heyətləri də iştirak ediblər.

Minlərlə insan son vida üçün Nəcəfə axışır

İran və İraq mediasının məlumatına görə, minlərlə iraqlı Həzrət Əli (ə) ziyarətgahına toplaşaraq Ayətullah Seyid Əli Xamenei ilə vidalaşmaq üçün Nəcəfə gəlir.

Şəhərdə izdihamın davam etdiyi, dəfn mərasimləri üçün hazırlıqların tam başa çatdırıldığı bildirilir.

Pezeşkian da Nəcəfdədir

İran Prezidenti Məsud Pezeşkian da Nəcəf hava limanına gəlib və onu İraqın Baş naziri Əli Zeydi, eləcə də ölkənin yüksək vəzifəli rəsmiləri qarşılayıblar.

Səfər çərçivəsində Pezeşkianın İraq rəhbərliyi ilə rəsmi görüşlər keçirəcəyi gözlənilir.

Mərasimlərdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf,  Şəhid Ayətullah Seyid Əli Xameneinin böyük oğlu və SEPAH-ın “Qüds” Qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani də iştirak edirlər.

İraq rəhbərliyi və tayfalar mərasimə qoşuldu

“Əl-Məyadin”in məlumatına görə, İraqın üç ali hakimiyyət qolunun rəhbərləri, müxtəlif dini icmaların nümayəndələri və ölkənin nüfuzlu tayfaları Nəcəf hava limanında keçirilən rəsmi qarşılama mərasimində iştirak ediblər.

Məlumata əsasən, İraq tayfaları mərasimə kütləvi qatılmaq üçün çağırış edərək bunu İran və İraq arasında həmrəyliyin nümayişi kimi qiymətləndiriblər.

Kərbəlada hazırlıqlar tamamlanıb

Kərbəla şəhərində də dəfn mərasimləri üçün bütün hazırlıqlar başa çatdırılıb.

Tibbi briqadalar, təhlükəsizlik qüvvələri və xidmət qrupları Həzrət Hüseyn (ə) və Həzrət Abbas (ə) ziyarətgahlarında keçiriləcək mərasimlər üçün tam hazırlıq vəziyyətinə gətirilib.

İranın Kərbəladakı baş konsulu bildirib ki, Şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsi üçün Nəcəfdə qılınacaq cənazə namazına Ayətullah Seyid Məhəmməd Təqi Həkim imamlıq edəcək.

Bu mərasimdən əvvəl Tehran və Qum şəhərlərində milyonlarla insanın iştirakı ilə vida və dəfn mərasimləri keçirilmiş, daha sonra cənazə İraqa yola salınmışdı.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş