Ayətullah Seyid Əli Xamenei Trampa: Gəmi Yox, Onu Batıran Silah Təhlükəlidir

2 Dəq Oxuma Müddəti

“İranı ram edə bilməyəcəksiniz”

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Əli Xamenei Təbriz şəhərinin əhalisi ilə keçirilən tədbirdə çıxışı zamanı ABŞ-yə və prezident Donald Trampa sərt mesajlar ünvanlayıb. O bildirib ki, ABŞ son 47 ildə İranı ram edə bilməyib və bundan sonra da buna nail ola bilməyəcək.

Xamenei qeyd edib ki, ABŞ prezidenti ölkəsinin ordusunu dünyanın ən güclü ordusu adlandırsa da, istənilən “ağılsız addım” ABŞ ordusu üçün “çox ağrılı sillə” ilə nəticələnə bilər.

“Təyyarədaşıyan təhlükəlidir, amma…”

Ali rəhbər ABŞ-nin regiona təyyarədaşıyan gəmi göndərməsi ilə bağlı bəyanatlara da münasibət bildirib. Onun sözlərinə görə, təyyarədaşıyan gəmi təhlükəli vasitədir, lakin onu dənizin dibinə göndərə biləcək silah daha təhlükəlidir.

Ayətullah Seyid Əli Xamenei ABŞ-nin təhdidlərinin İran xalqına hökmranlıq etmək niyyətindən qaynaqlandığını iddia edib və vurğulayıb ki, İran dövləti xalqından ayrı deyil.

Nüvə danışıqları və “əvvəlcədən şərt” tənqidi

Ayətullah Seyid Əli Xamenei Cenevrədə başlayan İran–ABŞ dolayı danışıqlarına da toxunub. O bildirib ki, əgər danışıqlar aparılırsa, onların nəticələrinin əvvəlcədən müəyyən edilməsi səhv və “ağılsızlıq”dır.

Onun sözlərinə görə, qarşı tərəf nüvə danışıqlarını əvvəlcədən müəyyən edilmiş nəticələr əsasında aparmaq istəyir. Ayətullah Seyid Əli Xamenei həmçinin qeyd edib ki, ABŞ-nin İranın raket proqramı ilə bağlı mövqeyinə müdaxilə etməyə haqqı yoxdur.

Ali rəhbər vurğulayıb ki, hər hansı dövlətin çəkindirici silah potensialı olmadan təhlükəsizliyi təmin etmək mümkün deyil.

Daxili hadisələrə münasibət

Son silahlı iğtişaşlara toxunan Ayətullah Seyid Əli Xamenei bildirib ki, baş verən hadisələr zamanı həlak olanların hamısı – xarici qüvvələrlə əlaqəsi olan şəxslər istisna olmaqla – İran övladlarıdır və ölkə bu itkilərə görə yas saxlayır.

Cenevrə fonunda sərt mesaj

Ayətullah Seyid Əli Xameneinin çıxışı İran və ABŞ arasında dolayı danışıqların ikinci mərhələsinin Cenevrədə başladığı vaxta təsadüf edib. Tehran tərəfi danışıqlarda ciddi və konstruktiv mövqe sərgilədiyini bəyan etsə də, eyni zamanda hərbi və strateji mövqelərindən geri çəkilməyəcəyini nümayiş etdirir.

Beləliklə, ali rəhbərin açıqlamaları diplomatik proseslə paralel olaraq siyasi və hərbi ritorikanın da davam etdiyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş