Tramp dövründə formalaşan sərt miqrasiya siyasətinin davamı kimi qiymətləndirilən bu əməliyyatlar “ictimai təhlükəsizlik” bəhanəsi ilə əsaslandırılsa da, ərazidən yayılan görüntülər ABŞ-ın tez-tez tənqid etdiyi ölkələrlə arasındakı fərqin sürətlə azaldığını göstərir.
İrana “proporsional güc” dərsi, ölkə daxilində güllə ilə basdırılan etirazlar
Vaşinqton rəhbərliyi İranda baş verən hadisələrdə polis müdaxiləsi faktiki zorakılığa çevrilməsə belə sərt bəyanatlar verərkən, öz ərazisində baş verən ölümcül müdaxilələrə qarşı susqunluq nümayiş etdirir.
7 yanvar tarixində Minneapolisdə baş verən hadisədə, avtomobilin içində olan ABŞ vətəndaşı bir qadının qapısının zorla açılmağa çalışıldığı, qaçmağa cəhd edərkən isə yaxın məsafədən üç dəfə atəş açılaraq öldürüldüyü görüntülər sosial mediada geniş rezonans doğurdu. Buna baxmayaraq, hadisə rəsmi qurumlar tərəfindən “ictimai təhlükəsizlik əməliyyatı” çərçivəsində qiymətləndirildi.
Tramp mirası: Sərtlik, qorxu və rekord saxlanılmalar
Trampın prezidentliyi dövründə tətbiq edilən “sıfır tolerantlıq” yanaşması bu gün də minlərlə miqrantın kütləvi əməliyyatlarla hədəf alınmasına səbəb olur. Rəsmi açıqlamalara görə, son altı həftə ərzində əlavə olaraq təxminən 3 min nəfər saxlanılıb. İnsan haqları təşkilatları isə bu addımların özbaşına və qeyri-mütənasib güc istifadəsi ilə müşayiət olunduğunu vurğulayır.
Xaricə demokratiya, daxildə böhran
ABŞ rəhbərliyi bir tərəfdən digər ölkələri “polis zorakılığı” və “haq pozuntuları” ilə ittiham edir, digər tərəfdən isə öz şəhərlərində silahlı müdaxilələr, mübahisəli əməliyyatlar və insan itkiləri ilə gündəmə gəlir. Minneapolisdə yaşanan son hadisələr “demokratiya vitrini” ilə sahadakı reallıq arasındakı dərin ziddiyyəti bir daha açıq şəkildə ortaya qoydu.
