Çinin rəsmi mövqeyi: dərhal azad edilməlidir
Çin Xarici İşlər Nazirliyi ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını dərhal azad etməyə çağırıb. Nazirlik bildirib ki, Vaşinqton həmçinin Maduronun və həyat yoldaşının təhlükəsizliyini təmin etməlidir. Rəsmi Pekinin mövqeyinə görə, onların zorla aparılması beynəlxalq hüququn və beynəlxalq normaların açıq şəkildə pozulmasıdır.
Nazirliyin bu gün, bazar günü yaydığı bəyanatda vurğulanıb ki, Venesuelada yaranmış böhran yalnız dialoq və danışıqlar yolu ilə həll edilməlidir. Çin tərəfi ABŞ-ni vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməyə çağırıb.
ABŞ-nin hərəkətləri sərt tənqid olundu
Çin Xarici İşlər Nazirliyi dünən verdiyi digər açıqlamada isə ABŞ-nin suveren bir dövlətə qarşı güc tətbiq etməsindən dərin sarsıntı keçirdiyini və bunu qətiyyətlə pislədiyini bəyan edib. Nazirlik ABŞ-nin Venesuela prezidentini hədəf almasını beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi dəyərləndirib.
“Bu, suverenliyə və beynəlxalq təhlükəsizliyə təhdiddir”
Rəsmi açıqlamada qeyd olunub ki, Vaşinqtonun davranışı Venesuelanın suverenliyinə birbaşa müdaxilə olmaqla yanaşı, beynəlxalq sülh və təhlükəsizliyə də ciddi təhdid yaradır. Çin tərəfi ABŞ-ni beynəlxalq hüquqa hörmət etməyə və digər dövlətlərin daxili işlərinə qarışmaqdan imtina etməyə çağırıb.
Beynəlxalq reaksiyalar artır
ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat bir sıra ölkələr tərəfindən də qınanıb. Bir çox dövlətlər bu addımı beynəlxalq hüququn təhlükəli şəkildə pozulması kimi qiymətləndirib və regionda sabitliyə zərbə vurduğunu bəyan ediblər.
Karakasa hücum və Maduro ilə bağlı iddialar
Məlumata görə, ABŞ dünən, şənbə günü Venesuelanın paytaxtı Karakasa qarşı hərbi əməliyyat həyata keçirib. Hücumlar zamanı limanlar, hava limanları və hərbi bazalar hədəfə alınıb. Eyni zamanda, ABŞ qüvvələrinin Nikolas Maduro və həyat yoldaşını saxlayaraq onları gəmi vasitəsilə Nyu-Yorka apardığı iddia olunur.
Hadisələr fonunda beynəlxalq aləmdə narahatlıq artır və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün diplomatik səylərin gücləndirilməsi çağırışları səslənir.
