Almaniyada Bank Soyğununda 30 Milyon Avro Oğurlandı

2 Dəq Oxuma Müddəti

Bankın seyf bölməsi hədəf alındı

Almaniyanın Gelsenkirxen şəhərində yerləşən bir bank filialında baş verən soyğun ölkə gündəmini silkələyib. Alman mediasında yayılan məlumatlara görə, Sparkasse bankının Gelsenkirxendəki filialı həftəsonu naməlum şəxslər tərəfindən qarət edilib. Soyğunçular bankın seyf bölməsinə daxil olaraq böyük məbləğdə vəsaiti ələ keçiriblər.

Divarı deşərək daxil olublar

Məlumata əsasən, cinayəti törədən şəxslər xüsusi matkapdan istifadə edərək bankın bitişiyində yerləşən dayanacaq sahəsinin divarını deşiblər. Onlar bu yolla birbaşa bankın kasa və seyf bölməsinə daxil olmağı bacarıblar. Hadisənin diqqətlə planlaşdırıldığı və yüksək peşəkarlıqla icra edildiyi bildirilir.

Minlərlə seyf zorla açılıb

Soyğun zamanı bankda müştərilərə məxsus 3 min 300 ədəd icarəyə verilmiş seyf zorla açılıb. İlkin hesablamalara görə, oğurlanan vəsaitin ümumi məbləği təxminən 30 milyon avro təşkil edir. Hadisədən 2 min 500-dən çox bank müştərisinin zərər çəkdiyi açıqlanıb.

Alman mediası bu soyğunu ölkə cinayət tarixində ən iri və ən yaxşı təşkil olunmuş bank soyğunlarından biri kimi qiymətləndirir.

Polis təhlükəsizlik tədbirləri gördü

Hadisənin ictimailəşməsindən sonra çoxsaylı müştəri bank filialına axışıb. Polis mümkün gərginliyin qarşısını almaq məqsədilə bankın ətrafını boşaldıb və əraziyə nəzarəti gücləndirib.

Bank rəhbərliyi isə rəsmi açıqlama yayaraq müştərilərdən filial binasına gəlməmələrini xahiş edib. Açıqlamada bildirilib ki, zərərçəkmiş müştərilərlə ən qısa zamanda əlaqə saxlanılacaq və onlara dəymiş ziyanla bağlı ətraflı məlumat veriləcək.

Şahidlər şübhəli şəxslər gördüyünü deyir

Hadisə ilə bağlı danışan şahidlər şənbə gecəsi ilə bazar səhəri arasında böyük çantalar daşıyan bir neçə nəfəri gördüklərini bildiriblər. Polis hazırda müşahidə kameralarının görüntülərini araşdırır və şübhəlilərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş