Həzrət Muhəmmədin(s) əziz qızı, "Analar anası", "Dünya və axirət xanımlarının xanımı" Həzrət Zəhranın (s.ə) şəhadət günləri qeyd edilir.
Az.rasthaber.com xatırladır ki, bu günlər müsəlmanlar arasında "Əyyami-Fatimiyyə" kimi tanınır.
Əziz peyğəmbərimizin qızı, imamlar anası həzrəti Fatimeyi-Zəhranın (s.ə) şəhadət günü ilə bağlı iki rəvayət mövcuddur. Bəzi rəvayətlərə görə o, atasının Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 gün sonra, bəzi rəvayətlərə görə isə 95 gün sonra şəhid olmuşdur.
Bu iki nəzəriyyə daha mötəbər sayılır və Həzrət Zəhranın (s.ə) şəhadəti cəmadiyül-əvvəl ayının 13-ü və cəmadiyül-axır ayının 3-də qeyd edilir (Miladi təqvimi ilə bu il 28 dekabr və 17 yanvar-2021).
Bu iki tarixin arasında 20 gün zaman vardır ki, Əhli-Beyt (ə) aşiqləri bu günləri “Əyyami Fatimiyyə” (Fatimə günləri) adlandırır və Xanım Zəhranın (s.ə)şəhadətini yad edən mərasimlər təşkil olunur.
Fatimiyyə hadisəsi İslam tarixinin istiqamətini dəyişən bir hadisədir. Həzrəti Fatimənin (s.ə) şəxsiyyəti araşdırılmalıdır, o Xanımın (s.ə) həm mənəvi tərəfləri, həm onun ictimai-siyasi fəaliyyətləri bəşəriyyətə aşılanmalıdır. Həzrəti Fatimə (s.ə) öz dövrünün böyük ictimai xadimi olub. O, bəşəriyyət üçün nümunə olan bir insandır. Onun həyatı və mübarizəsi ali ümumbəşəri dəyərlər uğrunda olub və bütün bunlar Fatimiyyə günlərində insanlara çatdırılmalıdır.