İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Ekspertlər Məclisinin üzvləri ilə görüşdə bu Məclisin İnqilaba ən çox aidiyyəti olan qurumlardan olduğunu vurğulayaraq İnqilabı dayandırmaq və milləti hərəkətdən saxlamaq üçün bəzi maraqların və fəaliyyətlərin olduğunu bildirdi: “Rəhbərliyin əsas vəzifəsi ölkənin İnqilabın məqsədlərinə doğru istiqamətini qorumaqdır. Buna görə də rəhbərin təyin edilməsində müstəsna rolu olan Ekspertlər Məclisi əvəzedilməz əhəmiyyət kəsb edir”.
Həzrət Ayətullah Xamenei həmçinin Hizbullah və HƏMAS-ın qüdrətli mübarizəsinin böyüməsi, dinamizmi və davam etməsinə işarə edərək vurğuladı: “Allahın şübhəsiz yardım vədlərinə, Hizbullah və HƏMAS-ın son onilliklərdəki qalib mübarizəsinə əsasən, son hadisələr haqq və Müqavimət Cəbhəsinin zəfərinə səbəb olacaq”.
Altıncı dövr Ekspertlər Məclisinin ikinci iclasının sonuna təsadüf edən bu görüşdə İnqilabın Rəhbəri Ekspertlər Məclisinin dövlət və islami qanunlardakı roluna işarə edərək İslam İnqilabı ilə əlaqə və bağlılıq baxımından bu məclisin ən inqilabçı qurumlardan olduğunu dedi: “Bu təbirdən istifadə edilməsinin səbəbi Ekspertlərin rəhbərlik seçimindəki roludur”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İnqilabın əsas məqsədi “Tövhidi gerçəkləşdirmək”, yəni daha geniş mənada İslam dinini ölkədə və insanların həyatında gerçəkləşdirməkdir: “Rəhbər ölkənin və dövlətin bu məqsəd istiqamətində olan hərəkət orientasiyasını qorumaq vəzifəsi daşıyır”.
O, ölkədə tövhid cəmiyyətinin gerçəkləşməsinə maneə yaratmaq istəyən bəzi maraqların olduğuna işarə edərək dedi: “İnqilab və dövlətin bu istiqamətdəki hərəkətini dayandırmaq istəyirlər. Əgər bacarsalar, geri qayıtsalar, keçmiş mürtəce vəziyyəti aşkarda və yeni libasda, təkrar etmək istəyirlər”.
İnqilabın Rəhbəri Böyük Fransa İnqilabı və Sosialist İnqilabı kimi böyük inqilabların iki onillikdən sonra öz yollarından sapdıqlarına işarə edərək dedi: “Geri qayıdış təhlükəsi bütün böyük xalq hərəkatları üçün var”.
O, Qurani-Kərimin geriyə dönüşün çox böyük təhlükə olduğu ilə bağlı çoxlu sayda xatırlatma etdiyinə işarə edərək dedi: “Allah-taala Quranda təhdid dili ilə buyurur ki, əgər kafirlərə itaət etsəniz, geri dönmək məcburiyyətində qalacaq, mürtəce olacaqsınız, ya da kafirlər sizi imandan sonra yenidən küfrə qaytaracaqlar”.
Həzrət Ayətullah Xamenei hər bir dövlətdə sapmanın və geriləmənin qarşısının alınmasının mühüm bir amillə şərtləndiyini dedi: “İslam dövlətində bu çox böyük vəzifə rəhbərin, bu təyinedici amili seçmək isə Ekspertlər Məclisinin öhdəsindədir”.
O bu məclisin əhəmiyyətindən danışarkən əlavə etdi: “Ekspertlər Məclisinin olması göstərir ki, dövlətin məqsədlər istiqamətindəki davamlı hərəkətində heç bir durğunluq baş verməmişdir. Çünki lazım olduğu təqdirdə Ekspertlər yubanmadan növbəti rəhbəri seçir. Bu silsilə tam bir güc, qüdrət, iqtidar və bacarıqla davam etdiriləcək”.
İnqilabın Rəhbəri dövlətin şəxslərdən asılı olmamasının rəhbərlik seçiminin yubanmayan prosesində gizlənmiş həqiqətlərindən biri olduğunu dedi: “Bu yerdəyişmə göstərir ki, şəxslərin yerinə yetirməli olduqları vəzifələr olsa da, dövlət onlardan asılı deyil, öz yolunu bu şəxslərsiz davam etdirə bilər”.
O, Allah-taalanın “Ali-İmran” surəsində bu məsələ ilə bağlı müsəlmanlara etdiyi xəbərdarlığa işarə edərək vurğuladı: “Allah İslam dövlətinin hələ möhkəmlənmədiyi 3-cü hicri ilində müsəlmanları: “Əgər Peyğəmbər (s), yəni varlıq aləminin ən əsas şəxsi vəfat etsə və ya öldürülsə, siz geri dönəcəksiniz?”, - deyə məzəmmət edir”.
Həzrət Ayətullah Xamenei Ekspertlər Məclisinin əhəmiyyəti ilə bağlı vurğulanan məqamları Ekspertlər Məclisinin üzvlərinin rəhbər seçimindəki son dərəcə diqqətli və ehtiyatlı olmasının zəruriliyi kimi qiymətləndirdi: "Rəhbərin seçilməsində Konstitusiyada qeyd olunan şərtlərin müəyyən edilməsinə tam diqqət yetirilməlidir; bütün şərtlər, o cümlədən inqilabın yoluna və məqsədinə möhkəm və səmimi inanc, bu yolda yorulmadan və dayanmadan hərəkət etməyə hazırlıq və bu vəzifəyə layiqlilik şərtləri onda müəyyən edilməlidir".
İnqilabın Rəhbəri çıxışının başqa bir yerində zamanın böyük və yorulmaz mücahid şəhidi şəhid Seyid Nəsrullahın ərbəini ilə bu günlərin fərqinə işarə edərək o və müqavimətin şəhidi Həniə, Səfiyyədin, Sinvar və Nilforuş kimi digər böyükləri və komandanları hörmətlə anaraq dedi: “Bu şəhidlər İslama və müqavimət cəbhəsinə ikiqat izzət bəxş etdilər”.
İran İslam Respublikasının Ali Rəhbəri həzrət Ayətullah Xamenei Hizbullahı şəhid Nəsrullahın əbədi yadigarı olaraq qiymətləndirdi: "Hizbullah müqavimətin liderinin heyrətamiz cəsarəti, təfəkkürü, səbr və təvəkkülü sayəsində qeyri-adi bir inkişaf yolu keçdi. Bu o qədər böyük bir sıçrayış idi ki, düşmən növbənöv maddi silahlarla silahlanmasına və genişmiqyaslı təbliğat kampaniyalarına baxmayaraq, qalib gələ bilmədi və Allahın izni ilə heç vaxt da qalib gələ bilməyəcək".
Həzrət Ayətullah Xamenei ABŞ və bəzi Avropa ölkələrinin Qəzza və Livandakı cinayətlərdə açıq qanlı əllərinin olduğuna işarə edərək, bu mübarizələrin davamlılığının Livan, Qəzza və Fələstində haqq və müqavimət cəbhəsinin qalibiyyəti ilə nəticələnəcəyini vurğuladı: “Müqavimət hərəkatının qələbə perspektivinin bir dəlili Allahın tərəddüdsüz vədidir. Allah-taala zülm etmiş şəxslərə qarşı cihad icazəsi verildikdən sonra vurğulayır ki, əgər Allaha kömək etsəniz, Allahın qələbəsinin gerçəkləşməsi qətidir".
O vurğuladı ki, müqavimətin sionist təcavüzkarlara qarşı son onilliklərdə əldə etdiyi qələbə təcrübəsi son qalibiyyətin haqq cəbhəsinin olacağına aşkar bir sübutdur: "Keçən 40 il ərzində Hizbullah sionist rejimi müxtəlif mərhələlərdə Beyrut, Seyda və Sur şəhərlərindən, nəhayət isə Cənubi Livandan tamamilə geri çəkilməyə məcbur etdi və bu ölkənin şəhər, kənd və dağlarını həmin mənfur rejimdən təmizlədi".
İnqilabın Rəhbəri bildirdi ki, Hizbullahın hər cür hərbi, siyasi, təbliğat və iqtisadi silahlarla silahlanmış, habelə ABŞ-nin prezidentləri kimi böyük fasiqlərin dəstəklərinə arxalanmasına baxmayaraq, düşməni geri itələmək və məğlub etməkdə nümayiş etdirdiyi heyrətamiz güc Hizbullahın imkanlarının addım-addım artaraq Allah yolunda cihad edən kiçik bir qruplaşmadan böyük bir təşkilata çevrildiyini göstərir: “Eyni qalibiyyət təcrübəsi Fələstin müqavimətinə də aiddir və onlar 2008-ci ildən indiyə qədər sionist rejimlə 9 dəfə döyüşüb və 9 dəfədə bu rejimi məğlub ediblər”.
O bildirdi ki, sionist işğalçıları ilə mübarizənin faktiki qalibi Fələstin müqavimətidir: "Sionistlərin bu müharibədəki məqsədi HƏMAS-ı kökündən məhv etmək idi. Lakin onlar on minlərlə insanı qətlə yetirmələrinə, müqavimət və HƏMAS liderlərini şəhid etmələrinə, simalarını dünyada çirkin, mənfur, təcrid olunmuş və qınanılmış bir şəkildə nümayiş etdirmələrinə rəğmən, bu məqsədə nail ola bilmədilər. HƏMAS hələ də mübarizəsini davam etdirir ki, bu da sionist rejiminin məğlubiyyətindən xəbər verir".
Həzrət Ayətullah Xamenei Hizbullahı güclü və sionist rejimə qarşı mübarizəsini davam etdirən bir təşkilat olaraq qiymətləndirdi: "Livanda və başqa yerlərdə bəzi insanlar Hizbullahın zəiflədiyini zənn edərək bu mücahid təşkilatı tənqid etməyə başlamışlar, amma onlar səhv edir və yanılırlar. Çünki Seyid Həsən Nəsrullah və Seyid Səfiəddin kimi böyük şəxsiyyətlərin yoxluğuna baxmayaraq, Hizbullah təşkilatı yüksək mənəvi ruhiyyə və döyüş meydanındakı mücahidləri ilə güclü bir şəkildə mübarizə aparır. Düşmən ona qalib gələ bilməyib, bilməyəcək də".
Ayətullah Xamenei qeyd etdi: "Dünya və bölgə bir gün sionist rejimin bu mücahidlərə məğlub olduğunu açıq şəkildə görəcəkdir. Ümid edirik ki, hər biriniz o günə şahidlik edəcəksiniz".
İnqilabın Rəhbəri habelə altıncı dövr Ekspertlər Məclisinin mərhum üzvlərini, şəhid Rəisi və Ali-Haşimi hörmətlə andı.
Bu görüşün əvvəlində Ekspertlər Məclisinin sədri Ayətullah Muvəhhidi Kermani mütəxəssislərin və media vasitələrinin İnqilab və vilayəti-fəqih anlayışının düzgün izahı mövzusunda açıqlama və izahlar verməsinin zəruriliyi ilə bağlı nüanslara toxundu.
Ekspertlər Məclisinin sədr müavini Ayətullah Hüseyni Buşəhri altıncı dövr məclisin ikinci iclası ilə bağlı hesabat verərək 16 nümayəndədən çoxunun mədəni, iqtisadi, sosial, siyasi, habelə seçkilərlə bağlı mövzularda etdikləri çıxışların əsas məzmunları barəsində məlumat verdi.