Yunis Səfərovun istintaqı başa çatıb

Yunis Səfərovun istintaqı başa çatıb

Cümə günü Baş Prokurorluğun mətbuat xidməti Yunis Səfərovun istintaqının bitməsilə bağlı məlumat yayıb.

Baş Prokurorluq Yunis Səfərovun istintaqının bitməsilə bağlı məlumat yayıb.

Açıqlamada deyilir ki, “Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstənin tərkibində” Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı törətdiyi “terror aktı”na dair cinayət işinin istintaqı  başa çatıb.

Prokurorluq bildirib ki, terror aktı Azərbaycanda  konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönəlmişdi.

İstintaq dekabrın 5-də başa çatıb və Y.Səfərov da daxil olmaqla, mütəşəkkil cinayətkar qrupun 12 iştirakçısının barəsində iş Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

11 nəfərin barəsində isə beynəlxalq axtarış elan edilib, məlumatda deyilir.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər sakini, 35 yaşlı Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçsinə atəş açıb.  O saxlanılıb.

İyulun 10-da şəhərin bir neçə yüz sakini İcra Hakimiyyətinin binası qarşısında toplaşaraq Y.Səfərovu dəstəkləyib, şəhər sakinlərini davamlı şəkildə təhqir etdiyinə görə icra başçısının hərəkətlərini pisləyiblər.

Mitinq polis tərəfindən dağıdılıb, iki polis zabiti həlak olub. Bundan sonra 60-dan çox adam həbs olunub. Onların çoxu artıq mühakimə edilib.   Beş nəfər saxlanma zamanı həlak olub.

Xəbəri paylaş

VİDEOLAR