İranın Xarici İşlər Naziri Seyyid Abbas Əraqçı, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Zirvəsində çıxış edərək, İran xalqının özünümüdafiə hüququ ilə bağlı haqlı mövqeyini İslam ölkələrinə çatdıracaqlarını bildirib.
Rasthaber Azərbaycan xəbər verir ki, İstanbulda keçirilən Zirvədə iştirak edən Əraqçı jurnalistlərə açıqlamasında deyib:
“İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Zirvəsi əvvəlcədən planlaşdırıldığı kimi bu tarixdə keçirilməli idi. Lakin Sionist rejimin ölkəmizə qarşı həyata keçirdiyi hücum nəzərə alındığında, biz bu məsələ ilə bağlı xüsusi bir iclasın keçirilməsini tələb etdik və bu tələb qəbul olundu. Ümid edirik ki, bu toplantının sonunda həmin hücumu açıq şəkildə pisləyən güclü bir bəyanat yayımlanacaq.”
Mehr xəbər agentliyinin məlumatına görə, Əraqçı açıqlamasının davamında bildirib:
“Bu fürsətdən istifadə edərək toplantıya qatılan digər xarici işlər nazirləri, hörmətli Baş katib və həmçinin Türkiyə Prezidenti ilə ikitərəfli görüşlər keçirəcəyəm. Eyni zamanda, xalqımızın qanuni müdafiə haqqının və haqlı mövqeyinin səsini çatdırmaq üçün bu toplantını bir fürsət olaraq dəyərləndirəcəyik.”