Əvəz Zeynallının işi üzrə prosesdə müdafiə tərəfi çıxış edib

Əvəz Zeynallının işi üzrə prosesdə müdafiə tərəfi çıxış edib

Fevralın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” TV İnternet- resursun rəhbəri Əvəz Zeynallı və “Səda” TV Youtube kanalının rəhbəri Elnur Şükürovun işi üzrə prosesdə müdafiə tərəfi çıxış edib.

Rasthaber Azərbaycan Turan-a istinadən xəbər verir ki, vəkil Aqil Layıc son sözündə Zeynallıya qarşı rüşvətxorluq ittihamlarının əsassız olduğunu bildirib,   çünki Zeynallı vəzifəli şəxs deyil və bu cinayətin subyekti deyil. Eyni zamanda, o, jurnalistlərin vəzifəli şəxs kimi tanınmaması ilə bağlı Ali Məhkəmənin presedent qərarlarını göstərib.

Ümumiyyətlə, vəkilin sözlərinə görə, bu işin bütün epizodları uydurmadır və Zeynallıya qarşı cinayət təqibi siyasi xarakter daşıyır. O, məhkəmədən Zeynallıya bəraət verilməsini xahiş edib.

Elnur Şükürovun vəkili də müvəkkilinin günahsız olduğunu bildirib və məhkəmədən bəraət hökmü çıxarmasını istəyib.

Hakim Cəlilabad rayon sakinlərinin 350 nəfərin imzası ilə müraciəti barədə bildirib və  məhkəmədən xahiş edib ki, 2020-ci ildə 44 günlük Qarabağ Müharibəsi zamanı Şükürovun Füzuli xəstəxanasına humanitar yardım göstərdiyini nəzərə alsın və ona bəraət versin.

Zeynallının vəkili də onun sol gözündə kataraktanın olmasını nəzərə alaraq tibbi yardım göstərilməsini xahiş edib.

Növbəti məhkəmə iclası fevralın 23-nə təyin edilib.

Xatırladaq ki, bundan əvvəl prokuror məhkəmədən Zeynallının Cinayət Məcəlləsinin 311 (rüşvət almaq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək (nüfuz alveri) maddələrilə təqsirli bilməyi və onu 10 il həbs cəzasına məhkum etməyi xahiş etmişdi.

Prokuror Şükürovun 312-1.1 maddə ilə beş il həbs cəzasına məhkum olunmasını istəyib.

* Vəkil Elçin Sadıqov və "Xural TV" saytının təsisçisi Əvəz Zeynallı ötən il sentyabrın 10-da rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də isə məhkəmə hər ikisini həbs edib. İstintaqın məlumatına görə, Zeynallı həbsdə olan  sahibkar Rasim Məmmədovun ailəsindən Sadıqovun vasitəçiliyilə pul alıb ki, onu gözdən salan məlumatlar dərc etməsin.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb və  onun işini ayrıca icraata götürüb.

Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsilə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək (nüfuz alveri)  yeni ittiham irəli sürülüb. Elnur Şükürov da eyni ittihamla həbs edilib.

Xəbəri paylaş

VİDEOLAR