Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, sionist İsrail cümə günü səhər saatlarında Qəzzanın Əl-Qüds xəstəxanası yaxınlığındakı Tel-əl-Həva bölgəsini şiddətli şəkildə bombalayıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətinin Facebook-da verdiyi açıqlamada bildirilib:
"Ümid edirik ki, orada çalışan əməkdaşlarımız, xəstələrimiz və xəstəxanada məcburi köçkün olan 14 mindən çox insan yaxşı olacaq".
İşğalçı rejim qüvvələrinin Təl əl-Həvadan başqa Qəzza şəhəri və qərb ətraflarında da bir çox yeri hədəf aldığı açıqlanıb.
Digər tərəfdən, İsrailin blokadası və intensiv hücumları altında olan Qəzza zolağında humanitar böhran getdikcə dərinləşir. Hamilə qadınlar və körpələr böyük təhlükə altındadır. Böyrək çatışmazlığı olan xəstələr də dializ xidmətlərindən məhrumdurlar.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi Qəzzadakı müəssisələrində 4600 hamilə qadın olduğunu açıqlayıb.
Yazılı açıqlamada müəssisələrdə 380 yeni doğulmuş körpənin olduğu, hamilə qadın və körpələrə tibbi yardımın lazım olduğu vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun hesabatına görə, hazırda Qəzzada 50 min hamilə qadın var.
Gün ərzində 180-dən çox doğuş baş verir.
İsrailin hücumları səbəbindən Qəzzada uşaqlar üçün yeganə dializ mərkəzi xidmətdən çıxdı.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi böyrək çatışmazlığından əziyyət çəkən 38 uşağın dializ xidmətlərindən məhrum olduğuna diqqət çəkib.
Yanacaq çatışmazlığı səbəbindən Rantisi Uşaq Xəstəxanası və Nasir Uşaq Xəstəxanasında uşaqlar üçün bütün tibbi xidmətlərin dayandırıldığı açıqlanıb.