Rəvayətlərə əsasən “ulul-əzm” peyğəmbər 3 əsas xüsusiyyətə sahib olub...
“Ulul-əzm” Quranda bir dəfə işlənmişdir; “Ulul-əzm olan rəsullar kimi səbr et!” (Əhqaf 35)
“Əzm” möhkəm iradə mənasıdadır. Rağib İsfahani özünün “Müfrədat” kitabında belə yazır: “Bir işin görülməsi üçün qərarın qəbul edilməsinə “əzm” deyilir”.
“Lisanul-ərəb” kitabında isə “ulul-əzm “ peyğəmbərlərinin Allahın işini görmək üçün söz verən şəxslər olduğu qeyd olunur (c 12, s 399). Qurani kərimdə də “əzm” sözü bəzən səbr (Şura 43), bəzən isə əhdə vəfa (Taha 115) mənasında işlənib.
Əllamə Təbatəbai məşhur “Əl-Mizan” əsərində bu barədə qeyd edir: “Yeni şəriətə sahib olan peyğəmbərlər çox sayda problem və sıxıntılarla üzləşiblər və bu problemlərin həlli üçün möhkəm əzm və iradəyə sahib olmalı idilər. Bu növ peyğəmbərlərə “ulul-əzm” deyə xitab olunub.” (Əl-Mizan – fars dilində olan tərcüməsi – c 18, s 332).
Ayətullah Misbah Yəzdi isə bu barədə belə yazır: “Peyğəmbərlərin “ulul-əzm” olması onların şəriət sahibi olmalarının göstəricisidir. Başqa sözlə desək, onlar xüsusi dini gətirmişlər və ondan sonra gələn peyğəmbərlər onun gətirdiyi dini təbliğ etmişlər.” (Usulul-Əqaid s 239)
Mütəal Allah Qurani kərimin “Şura” surəsinin 13-cü ayəsində dini təbliğ edən və qanuniləşdirən peyğəmbərlərə toxunaraq onların 4-nün adını qeyd edir. Ayənin xitabı sonuncu din sahibi olan peyğəmbər Muhəmməd (s) olduğundan, adı qeyd olunmayıb.
Rəvayətlərə əsasən “ulul-əzm” peyğəmbər 3 əsas xüsusiyyətə sahib olub:
1.Din təbliğlərinin həm həm insanlara, həm də cinlərə şamil olması, (Bihar c 11, s 32)
2.Yeni və müstəqil din və şəriətə sahib olmaları, (Həmin mənbə s 34)
3.Asimandan kitaba sahib olmaları. (Həmin mənbə s 35)
İmam Muhəmməd Baqirdən (ə) nəql olunan hədisdə onların 5 nəfər (Nuh, İbrahim, Musa, İsa və Muhəmməd peyğəmbər) olduqları bildirilib. (Bihar c 11, s 32)