Körfəz Əməkdaşlıq Şurası (GCC) Sammitində əldə edilən əməkdaşlıq sazişi Türkiyə və Misir tərəfindən dəstəklənib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Misirin Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda ərəb ölkələri arasında yaxşı əlaqələrin inkişaf etdirilməsinin hər zaman vacib olduğu vurğulanıb.
"Misir dördlü ərəb ölkələrilə Qətər arasında əldə edilmiş razılaşmaya əhəmiyyət verir və qardaş ölkə Küveytin son illərdəki səylərini alqışlayır" deyə bəyanatda bildirilib.
Bəyanatda ərəb ölkələrinin bir-birinin daxili işlərinə qarışmamaq prinsipinin də vurğulanması diqqət çəkir.
Türkiyə də Körfəzdə əldə edilən razılaşmadan məmnunluğunu dilə gətirib.
Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının əl-Ula şəhərində keçirilən 41-ci Körfəz Əməkdaşlıq Şurasının Sammitində Körfəz münaqişəsinin həlli üçün ortaq iradənin elan edilməsindən və Qətər ilə diplomatik əlaqələrin yenidən qurulmasından məmnun olduğunu bildirib.
Açıqlamada "Türkiyə Körfəz ölkələri arasında etimadın yenidən təmin edilməsilə strateji tərəfdaş olduğumuz Körfəz Əməkdaşlıq Şurası ilə korporativ əməkdaşlığımızın inkişafı üçün cəhd göstərməyə hazırdır" deyilib.